Deputat: "Məsələni etnik zəmində qələmə verməyə çalışanlar iki xalq və iki dövlət arasında münasibətlərin pozulmasında, gərginləşməsində maraqlı olan düşmən qüvvələrdir".
“Azərbaycan və Gürcüstan strateji tərəfdaş, müttəfiq və dost ölkələrdir. Gürcüstan və Azərbaycan arasında həmişə dostluq münasibətləri, gürcülər və azərbaycanlılar arasında xoş münasibətlər olub. İki ölkənin dövlət rəhbərləri arasında da dost münasibət var”.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, mayın 16-da Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etməsi, sadəcə, məişət zəminində baş vermiş insidentdir: “Məişət zəminində baş verən hadisəni də dünəndən Gürcüstan hüquq-mühafizə orqanları araşdırır, günahkarlar cəzalandırılacaq. Bu gün Dmanisiyə gedən Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də bildirib ki, azərbaycanlılarla gürcülər qardaşdır, iki xalqın nümayəndələri əsrlərdir birgə yaşayır, bu məsələ etnik münaqişə kimi qəbul edilməməlidir. Nazir eyni zamanda qanun pozuntusuna yol verən hər kəs sərt şəkildə cəzalandırılacağını bəyan edib”.
Millət vəkili Dmanisidə yaşayan azərbaycanlıları ayıq-sayıq olmağa, təxribatlara uymamağa çağırıb: “Azərbaycan və gürcü xalqları dostdur. Məişət zəminində xırda hadisə bizim xalqlarımız arasında münasibətlərə təsir edə bilməz və etməməlidir.
Məişət zəminindəki bu xırda insidentə etnik münaqişə, gərginlik donu geyindirmək olmaz”.
C. Osmanov qeyd edib ki, məsələni etnik zəmində qələmə verməyə çalışanlar iki xalq və iki dövlət arasında münasibətlərin pozulmasında, gərginləşməsində maraqlı olan düşmən qüvvələrdir: “Azərbaycan və Gürcüstanın Türkiyə ilə birgə həyata keçirdiyi enerji və infrastruktur layihələri bu gün bölgədə sülh və rifahın təməlini təşkil edir. Bu xalqlar, ölkələr ən ağır günlərdə bir-birinə dayaq olub. Təbii ki, bunu arzulamayan qüvvələr, ölkələr var və hər xırda insidenti şişirdərək xalqlar, ölkələr arasında münasibətlərin pozulmasına can atacaqlar. Ona görə də həm azərbaycanlılar, həm də gürcülər həssas olmalı, hər hansı təxribata, qızışdırıcı çağırışlara uymamalıdır. Öncə də qeyd etdiyim kimi, artıq Dmanisidəki məişət zəminindəki xırda insident Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb və günahkarlar cəzasını alacaq. Azərbaycan və gürcü xalqları isə indiyə qədər olduğu kimi, bundan sonra da dost, qardaş xalqlar kimi münasibətləri daha da inkişaf etdirəcək, sülh və rifaha xidmət edən yeni layihələr həyata keçirməyə davam edəcək”.