Deputat: “İnteqrasiya prosesləri millətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə yol açır".
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına səfəri çərçivəsində iyunun 1-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransının açılış mərasimində çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Sədri bildirib ki, Azərbaycan Respublikası uğurlu regional inteqrasiya proseslərinin davamlı inkişafı təmin etmək və firavan cəmiyyətlər qurmaq üçün rasional bir yol olduğuna inanır: “İnteqrasiya prosesləri millətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə yol açır. Bu mənada, İqtisadi Əməkdaşlıq Təşkilatı geosiyasi baxımdan əhəmiyyətli bölgələrin ölkələrini bir damın altına toplayır. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa həmişə böyük diqqət yetirib. Təxminən 3 ay əvvəl, 4 mart tarixində Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılan İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalandı. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlindən gələni edəcək”.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı ilə üz-üzə qalsa da, uğurlu regional layihələrin həyata keçirilməsinə nail olub, enerji təhlükəsizliyinin təmin edilməsində və enerjinin Avrasiya məkanına çatdırılma marşrutlarının şaxələndirilməsində mühüm tərəfdaşa çevrilib. Ermənistan öz işğalçılıq siyasəti ilə prosesi əngəllədiyi bir şəraitdə Azərbaycan bu inteqrasiyanı yaratmağı bacarıb.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, bu gün artıq işğal yoxdur, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edərək, ərazi bütövlüyünü bərpa edib, Ermənistanı 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalıb.
Spiker bildirib ki, qardaş Türkiyə müharibə dövründə Azərbaycana siyasi və mənəvi dəstək verən ilk ölkə olub: “Həmçinin, müharibənin birinci və ikinci günlərində qardaş Pakistan və Əfqanıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirərək, Ermənistanı işğala son qoymağa çağırdı”.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını açıq şəkildə əks etdirir: “Ermənistan bölgədəki nəqliyyat kanallarının təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirməlidir. Bu kontekstə Zəngəzurdan - tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhliz də daxildir. Bu, bölgədəki nəqliyyat sektoru üçün yeni imkanlar yaradacaq Zəngəzur Dəhlizidir”.
O, daha sonra diqqətə çatdırıb ki, Azərbaycan regional layihələrin iştirakçısı və təşəbbüskarıdır.
Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistan işğalından azad etdiyi ərazilərinin bərpası üçün genişmiqyaslı proqramlara başlayıb: “Təəssüf ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan ediblər. Həmin ərazilərin infrastrukturu tamamilə məhv edilib”.
Bərpa işində bir çox ölkələrdən, əsasən bizə dost ölkələrdən olan şirkətlərin də iştirak etdiyini bildirən Spiker İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də orada iştirakının əhəmiyyətli olduğunu deyib.
S. Qafarova parlament diplomatiyasının regional əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rolunu bir daha vurğulayaraq diqqətə çatdırıb ki, parlamentlər arasında sıx əlaqələrin yaradılması ölkələri bir-birinə daha da yaxınlaşdırır.