Cəmiyyət, Siyasət 12 May 2021, 12:46 | Baxış sayı: 378
Deputat: "Heç şübhəsiz ki, Naxçıvanın ikinci xilası da Qarabağın işğaldan azad olması kimi tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılacaq”

"Heç şübhəsiz ki, 10 noyabr kapitulyasiya aktının ən vacib şərtlərindən biri Zəngəzur dəhlizinin açılması ilə bağlı bənddir. Zəngəzur dəhlizi lokal yox regional əhəmiyyətli layihə olsa da, bu dəhlizin açılmasından ilk faydanı alan illərdir faktiki olaraq ana Vətənlə quru əlaqəsi olmayan Naxçıvan bölgəmiz olacaq".

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Naxçıvan Muxtar Respublikası 30 ildir ki, tam blokada şəraitində qalmış, müstəqilliyimizin ilk illərində isə həm də ciddi çətinliklər və təhdidlərlə üz-üzə qalaraq məşəqqətli bir dövr yaşamışdır. Yalnız Ümummilli Lider Naxçıvana döndükdən sonra onun təcrübəsi və bacarığı, habelə, şəxsi nüfuzu hesabına bölgədə rifah nisbətən yaxşılaşsa da, Heydər Əliyevə düşmənçiliyi dövlət siyasəti səviyyəsinə çatdıran o zamankı hakimiyyət öz liderinə qucaq açmış naxçıvanlıları ən zəruri ehtiyacları ilə yenidən sınamış, proses Ümummilli Lider hakimiyyətə gələnə qədər davam etmişdir.

Bəhruz Məhərrəmovun sözlərinə görə, tarixin ağır sınaqlarından üzü ağ çıxan Naxçıvan bu gün Azərbaycanın ən strateji hərbi-siyasi və iqtisadi nöqtələrindən biridir. Zəngəzur dəhlizinin açılması ilə isə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək: “Zəngəzur dəhlizi Ermənistanın taleyüklü problemlərinin həlli istiqamətində yeganə çıxış yolu olsa da, xəstə və avantürist təfəkkürlə zəhərlənmiş erməni cəmiyyətində bu kommunikasiya xəttinə münasibətdə şübhəli və anlaşılmaz yanaşma sərgilənir. Üstəlik, heç bir imkan və reallıqla uzlaşmayan revanş çağırışları İrəvan üçün vəziyyəti daha da qəlizləşdirir. Əlbəttə, belə bir fonda dəhlizin açılması sadə məsələ deyil, lakin, nəinki Azərbaycanda və digər region dövlətlərində, hətta Ermənistanın özündə belə bu dəhlizin açılacağı heç kimdə şübhə doğurmur. Bu ölkədə ən radikal kəsim və ən qatı siyasətçilər belə Prezident İlham Əliyevdən sitat gətirərək kommunikasiya xətlərinin məcburi açdırıla biləcəyini etiraf edirlər”.

Deputatın fikrincə, görünən odur ki, bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmiryolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb. Lakin, prosesin tamlığı üçün bizim özümüz də infrastruktur sistemimizi hazırlamalı, təhlükəsizlik başda olmaqla bizdən asılı olan bütün məsələləri həll etməliyik: “Dövlətimizin başçısı dünən müsahibəsində Azərbaycanın öz üzərinə düşən vəzifələri icra edəcəyini bir daha bəyan etməklə və səfəri çərçivəsində Ordubad dəmir yolu stansiyası ilə tanışlığa da təsadüfən getmədiyini bildirməklə, əslində, bu suallara son qoydu. Üstəlik, Ermənistanın dəhlizlə bağlı davranışlarına gəlincə, cənab İlham Əliyevin Ermənistanın dəmir yolları anlayışı olmadığı və Rusiya dəmir yollarının bütün Ermənistanın dəmir yollarına sahiblik etməsi ilə bağlı çox tutarlı yanaşması, əslində, İrəvanı bir daha düşünməyə vadar edəcək”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyətində prinsipial göstəricilərdən biri olan şaxələndirmə dövlət başçısının Naxçıvan siyasətində də özünü büruzə verməkdədir. Maraqlıdır ki, Prezident dəhlizin açılması məsələsi ilə işi bitmiş yox, yalnızca başlamış hesab edir. Bu mənada Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı və Culfa-Ordubad magistral avtomobil yolu ilə bağlı ortaya qoyulan iradə görüləcək işlərin, iqtisadi və siyasi planların nəhəng miqyasından xəbər verir. Heç şübhəsiz ki, üstünlüyümüzü hər ötən gün gücləndirən bu reallığın sığortalanması zərurətdir və bölgədə sülh və əmin-amanlıq vəd edən, Naxçıvanı isə ana Vətənə qovuşdurmağı hədəfləyən bu reallığın ən ciddi qarantı hərbi gücümüzdür.

Bəhruz Məhərrəmov diqqətə çatdırıb ki, bu mənada hərbi aerodromunun və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı muxtar respublikada hərbi üstünlüyümüzün möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdi. Həmçinin Ordubad Su Elektrik Stansiyasının tikintisi, Naxçıvanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi kimi iqtisadi əhəmiyyətli tədbirlər, Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi kimi digər infrastruktur layihələrinin icrası Muxtar Respublikanın həyatında teleyüklü addımlar olmaqla, əslində, həmin regionda milli maraqlarımızın təmininə yönəlmiş strateji addımlardır və 44 günlük müharibədən sonra yaranan reallığın möhkəmləndirilməsinə xidmət edir.

“Göründüyü kimi Naxçıvan Muxtar Respublikası tarixinin ən böyük transformasiyalarından birini yaşayır və prosesdə bir məqam diqqəti çəkir. Zəngəzur dəhlizinin açılması və Naxçıvanın blokadasına son qoyulması, əslində, tarixin maraqlı təkərrürüdür. Bu gün cənab İlham Əliyev tərəfindən Naxçıvanın blokadadan çıxarılması istiqamətində həlledici və yekun addımlar zamanında Ümummilli Liderin bölgəni işğaldan xilas edib acınacaqlı sosial-iqtisadi durumdan çıxarması prosesinin məntiqi davamıdır. Heç şübhəsiz ki, Naxçıvanın ikinci xilası da Qarabağın işğaldan azad olması kimi tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılacaq”, - deyə deputat vurğulayıb.

Xəbərlər