Ümumi 14 Mart 2021, 14:31 | Baxış sayı: 381
Deputat Fəzail Ağamalı "Teleqraf.com"-un "Kitabxana" rubrikasında

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalıdır.

Onunla söhbəti təqdim edirik.

- Fəzail müəllim, mütaliə etməyə vaxtınız olurmu?

- O qədər də yox... Bir tərəfdən siyasi partiyanın rəhbəri olmaq, digər tərəfdən Milli Məclisin deputatı kimi fəaliyyət göstərmək vaxtmı alır. Adətən kitabları tətillərdə oxuyuram. Elə olur ki, vaxtilə oxuduğum kitablara bir daha müraciət edirəm.

- Hansı mövzuda kitabları sevirsiniz?

- Ən çox klassik janrlarda yazılmış romanları, povestləri oxuyuram. Bu yay Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" əsərini bir daha oxudum. Vaxtilə orta məktəbdə mənim gələcək taleyimi müəyyənləşdirmiş Mirzə İbrahimovun "Gələcək gün" romanına da yenidən qayıtdım. Biri var əsəri 16-17 yaşında oxuyasan, bir də var indi. Bunlar tamamilə fərqli şeylərdir.

İmkanım olanda tarixi kitablara da önəm verirəm. Diplomatiya sahəsində də kitablar maraq dairəmdədir. Henri Kissencerin "Diplomatiya" adlı bir kitabı var. Hələ də oxuyub bitirə bilməmişəm. O kitabı asta-asta, qavraya-qavraya oxuyuram.

Kitab oxumaq hələ də mənim sevimli məşğuliyyətlərimdəndir. Lakin çox təəssüf edirəm ki, yalnız yay tətillərində mütaliəyə vaxt tapıram. Bir il əvvəl çox böyük məmnuniyyətlə İlyas Əfəndiyevin "Geriyə baxma, qoca" , "Üç atılan", "Sarıköynək və Valehin nağılı" , Fərman Kərimzadənin "Xudafərin" romanını yenidən oxudum. İlyas Əfəndiyevin yaradıcılığını çox sevirəm. İmkan daxilində çalışıram ki, kitaba olan sevgim tükənməsin.

- Kitabı təkrar oxuyanda əlavə nə qazanırsınız? Hansı yeniliklər tapırsınız?

- Kimsə deyə bilməz ki, mən kitabı oxuyandan sonra onun 70-80 faizini mənimsəyirəm. Çox nadir insan ola bilər ki, bütün kitabı yaddaşında saxlayır. Zaman keçdikcə kitabın məzmunu unudulur. Təkrar oxuduğun zaman yeni kəşflər edirsən. Məsələn, İlyas Əfəndiyevin "Geriyə baxma, qoca" əsərini yenidən oxuduqda düşündüm ki, bəlkə mən də geriyə baxmalı deyiləm? Fərqli tələbatdır.

- Ən sevdiyiniz, sizdə böyük iz qoyan əsər hansıdır?

- Birinin digərindən o qədər də fərqi yoxdur. Hər kitabın özünəməxsus stili var. Birnəfəsə oxuduğum kitablar da olub. Məsələn, Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" əsərindəki Lamiyə obrazının acizliyi məni çox qəzəbləndirib. Əsəbdən kitabı kənara atanda 4-5 səhifəsi belə cırılıb. İndinin özündə, bu yaşımda da çalışıram nəsə öyrənim. Etiraf edim ki, mənim formalaşmağımda bədii əsərlər son dərəcə mühüm rol oynayıb. Tələbə dövründə çox mütaliə edirdim. Orta məktəbdə oxuyanda bizim kənddə 2-3 min arasında kitab var idi. Təxminən 30-40 faizi bədii ədəbiyyat idi. Mən həmin bədii kitabları 11-ci sinifə qədər oxuyub bitirdim.

Çox böyük həvəslə Teodor Drayzerin "Kerri bacıları" , Viktor Hüqonun "Səfillər" əsərini oxumuşam. Məmməd Səid Ordubadinin "Qılınc və qələm" əsərini oxusam da, məni o qədər də cəlb etməyib, nəinki "Dumanlı Təbriz". Motivində inqilabi əhval-ruhiyyə, dinamika olan əsərlər məni hər zaman özünə çəkib. Füzulinin qəzəllərini çox sevə-sevə oxumaqla yanaşı, əzbərləməyi də sevirdim. Süleyman Rüstəmin taleyimdə çox mühüm rol oynayan "Təbrizim" şeiri var.

- Nəyə görə mühüm rol oynayan?..

- O şeirlə Bakı Dövlət Universitetinin qəbul imtahanında ədəbiyyatdan 5 aldım. Süleyman Rüstəmin cənub yaradıcılığını əlavə sual kimi mənə verəndə "On ikinci tüfəng" və "Təbrizim" şeirləri haqqında danışdım və icazə aldım ki, olarmı "Təbrizim" şeirini deyim? Rəhmətlik Firudin Hüseynov və Miryusif Seyidov mənə 5 yazdılar və beləcə universitetə qəbul oldum. Buna görə "Təbrizim" şeirinə minnətdaram.

- Cənubi Azərbaycan mövzusuna meyliniz nədən qaynaqlanır?

- Ola bilər, mənim genetik bağlarımla əlaqəlidir. Anamın ata tərəfi Ərdəbildəndir. 19-cu əsrdə Təbriz şəhərindəki Vali ilə aralarında düşmənlik olduğu üçün canlarını götürüb Arazdan bu yana, Zəngəzura gəlmişdilər.

Yeri gəlmişkən, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Anarın əsərləri milli ruhda böyüməyimdə çox müstəsna rol oynayıb.

- Maraqlıdır, Bakıda ən çox hansı kitabxanaya gedirdiniz?

- O zaman iki kitabxana var idi, biri Lenin adına, biri də Mirzə Ələkbər Sabir adına kitabxana. Eyni zamanda Azərbaycanın ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına kitabxanaya tez-tez gedirdim. Tələbəlik illərim demək olar ki, bu kitabxanalarda keçirdi.

- Bəs indi kitabxanaya gedirsinizmi?

- İndi vaxtım olmur, gedə bilmirəm. Kitab mağazalarına gedirəm, nəvələrimi aparıram. Onlar özlərinə, mən özümə kitab seçirəm.

- Sonuncu dəfə hansı kitabı almısınız?

- Sonuncu dəfə Ramiz Rövşənin şeirlər kitabını almışam.

- Elə bir kitab varmı ki, hər kəsə oxumağı tövsiyə edəsiniz?

- Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri, mədəniyyəti ilə bağlı bütün əsərləri oxumaq lazımdır. Fərq etməz, hamısı vacibdir. Klassik ədəbiyyatımıza xüsusi diqqət yetirsinlər. Gənclərimiz mütləq Nizaminin, Füzulinin yaradıcılığından bəhrələnməlidirlər.

Eyni zamanda Mirzə Fətəli Axundovun söz dünyasına daxil olmalı, ondan çox şeylər öyrənməlidirlər. Mirzə Ələkbər Sabirin satiraları dövrün aynası hesab olunur. Mirzə Cəlil Məmmədquluzadənin əsərləri mütləq oxunmalıdır. İctimai münasibətlər, xalqın vəziyyəti, düşüncələri, həyat tərzi onun əsərlərində əks olunurdu.

Mənim ən sevdiyim Azərbaycanın istiqlal şairi iki nəfərdir - Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk. Onların kitabları hökmən stolüstü kitab olmalıdır.

Müasir şairlərdən kimi sevirlərsə, oxusunlar. Məsələn, Ramiz Rövşən çox sevdiyim şairdir. Vaqif Bayatlı da sevdiyim şairlərdəndir.

Vaxtilə çox sevdiyim Salam Sarvanın şeirlərini indi oxuya bilmirəm. Orada böyük bədbinliklər olsa da, fərqli idi. Yaxud Rüstəm Behrudini oxumamaq, öyrənməmək günahdır.

- Neçə kitabınız var?

- Mənim əsas kitabxanam evimdə və bağdadır. 3 mindən çox kitabım var. Ofis kitabxanamda əsasən siyasi ədəbiyyat yer alır.

- 5 kitabınız, dərsliyiniz və monoqrafiyalarınız dərc olunub. Yazmağa necə başladınız?

- Mən əslən zəngilanlıyam. Orta məktəbdə oxuyanda "Sovet Ermənistanı" adlı qəzet nəşr olunurdu, qəzetlə əməkdaşlıq edirdim. Kəndimizdə, məktəbimizdə gördüyüm nöqsan, çatışmazlıqları qələmə alıb, qəzetə göndərirdim. Cüzi miqdarda qonorar alırdım. Sadəcə yazmağa həvəsim var idi.

Tələbə vaxtında isə BDU-nun "Lenin tərbiyəsi uğrunda" qəzeti ilə əməkdaşlıq etməyə başladım. Oraya tələbə həyatı ilə bağlı müxtəlif səpkili yazılar verirdim, şeirlərim çap olunurdu. Üçüncü kursun əvvəlində universitetin qəzet redaktoru Ağamusa Zeynalov qəzetdə ədəbi işçi olaraq işləməyim üçün məni dəvət etdi. Razılaşdım. Kim işləməz ki?! 32 manat əməkhaqqı alırdım, səhər oxuyub, ikinci növbə işləyirdim, yaxud əksinə. Beləliklə, qəzet üçün materialları hazırlayır, oxuyur, düzəliş edirdim.

Məsələn, Zəlimxan Yaqubun ilk şeirlərini mən dərc etmişəm. O, mənim tələbə yoldaşım idi. Universitetin bir neçə qələm sahibləri yazılarını mənə verirdilər. Mən də baxıb, Ağamusa müəllimə təqdim edirdim. Beləliklə, BDU-dakı tələbəlik həyatım məni tamamilə püxtələşdirdi.

- Tarixdən 20 il dərs demisiniz. Tarixi dərsliklərdə hansı çatışmazlıqlar var?

- Çoxdur, hətta bununla bağlı cənab prezident də dəfələrlə fikirlərini söyləyib. Tarixin öyrənilməsinin vacibliyini önə çəkib. Müstəqillik dövründə Azərbaycan tarixinin tədqiqat metodologiyası dəyişdirildi. Bütün tarixi kitablar sovet ideologiyasına, sovet cəmiyyətinin prinsiplərinə tabe etdirilməli idi.

Müstəqillik dövründə yeni imkanlar əldə etdik. Yaqub Mahmudovun Tarix İnstitutuna rəhbərlik etdiyi dövrdə bu baxımdan çox mühüm işlər görüldü. Azərbaycan tarixi yenidən işlənməyə başlandı. Baxmayaraq ki, daha əvvəl Ziya Bünyadov və ayrı-ayrı tarixçilərin əsərlərində Azərbaycan həqiqətləri imkan daxilində geniş əks olunurdu.

Biz tariximizin dərin qatlarına yenidən baş vurmalıyıq. Azərbaycanın tarixi həqiqətlərilə doldurmalı, tarixin qaranlıq səhifələrinə işıq salınmalıdır. Çağdaş Azərbaycan tarixinə də xüsusi fikir verilməlidir. Orta məktəb dərslikləri daha ciddi işlənməlidir.

- Kitab təqdimatlarına gedə bilirsinizmi?

- Əvvəl gedirdim, indi yox. Kim dəvət edirsə, gedirəm. Sonuncu dəfə 4-5 il əvvəl siyasi xarakterli bir kitabın təqdimatında olmuşam.

- Kitab hədiyyə etdiyiniz zaman yazdığınız ən maraqlı cümlə hansı olub?

- İlk kitabı sevdiyim qıza hədiyyə etmişdim. Şeir kitabı idi. Yazmışdım ki: "Bu şeirlərdəki saf hisslər qoy bizim həyatımızı gələcəyə doğru işıqlandırsın". Amma olmadı (gülür).

- Kimdən imzalı kitab almısınız?

- Çox olub. Yazıçı mütləq kitaba xoş sözlər yazır. Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fazil Mustafa və başqalarından çoxsaylı imzalı kitablarım var.

- Oxuduğunuz kitablar arasında dünya ədəbiyyatından nümunələr də var. Maraqlıdır, hansı ədiblə görüşmək istərdiniz?

- Fyodr Dostoyevski ilə görüşmək istəyərdim. Ən çox sevdiyim yazıçılardandır. Onun həyatı, insan psixologiyasının dərinliklərinə qədər enmək bacarığı diqqətimi cəlb edir. Oxucunu inandırmaq qabiliyyəti var. Əsərlərinin hamısını sevirəm. "Cinayət və cəza"dan tutmuş, "İdiot"a qədər...

Sonuncu dəfə iki il əvvəl "Cinayət və cəza" əsərini yenidən oxudum. Tamamilə başqa roman kəşf etdim. Təbii ki, Dostoyevski ilə görüş mümkün deyil. Hər zaman onun yaradıcılığı qarşısında baş əymişəm. Görüşə bilsəydim, deyərdim ki, siz dahi yazarsınız...

- Oxuduğunuz hansı əsər sizə çox güclü təsir edib?

- Ernest Heminqueyin "Qoca və dəniz" əsəri... Bu əsər insan iradəsi, gücü, təbiətlə mübarizədə insanın qalibiyyəti əks olunur. O əsəri birnəfəsə oxudum. Xatırlayıram, gənclik illərində hinduların həyatından bəhs edən əsərlər oxuyurdum. Düşünürəm ki, insanın kamilliyi oxuduğu kitablardan keçir. İnsan nə qədər oxuyursa, mütaliə edirsə, daha da kamil olur. Kitab oxuyan cahil ola bilməz, bu, mümkün deyil.

- El dilində bir ifadə də var, "Oxumuş cahildən qorxun"...

- Oxumuş cahil necə ola bilər? Mən anlamıram... Oxuyanda kitabdan nəyisə mənimsəyirsən. Hansısa mənfi və ya müsbət obrazın davranışlarını götürürsən. Bu isə insanın xarakteri ilə əlaqəli olur.

Düşünmürəm ki, kitab oxuyan kamilləşməsin. Cahil adamın kitab oxuduğunu təsəvvürümə gətirə bilmirəm, cahil kitab oxumur, onun başqa dünyası var. Kitab onu cəlb etmir.

- Salam Sarvan uzun müddət müavininiz olub. Hazırda münasibətiniz varmı?

- Bəli. Çox səmimi, xoş münasibətimiz var, hərdən zəngləşirik. Şeirlərini çox oxuyurdum. Kitablarını özünün də xəbəri olmadan alırdım. Nə qədər ki birlikdə çalışırdıq, kitabları məndə vardı. Yollarımızı ayırdıqdan sonra bilmədim yenidən kitab yazır, ya yazmır. Sevdiyim şairlərdən biridir.

- Hansı qələm sahibini bu günün yazarı hesab edirsiniz?

- Anarı... Anar özündən əvvəlki illəri görüb, qələmə almağı bacarır. O, bu günə hesablanmış yazardır. Sovet dövründə yazılmış əsərlərinin birində bir epizod vardı, təxminən yadımda qalıb. Bir nəfər qəzet köşkünə yaxınlaşır, soruşur ki, "Pravda" var, deyir, yoxdur. "Pravda" qəzet adı idi, "həqiqət" deməkdir, yəni həqiqət tapılmır. Soruşur, "Kommunist" var? Deyir, satılıb qurtarıb.

Ümumiyyətlə, qeyri-adi istedad sahibləri, qələm əhli özlərinin yaşadığı zaman çərçivəsinə sığışan və dövrü üçün yaşayan insanlar deyillər. Onlar gələcəyin adamlarıdır.

Vətənpərvər şairlər arasında Məmməd Araz da yer alır. Yaxud Məhəmməd Hüseyn Şəhriyarın şeirləri ruhu oxşayan, qəlbə sərinlik gətirən, insanı öz ruhundan çıxarıb, tamamilə başqa dünyaya aparan misraları var.

- Oxucularımıza sözünüz varmı?

- Çox gözəl layihədir. Xoşdur ki, siyasətçiləri öz müstəvisindən çıxarıb, başqa müstəviyə apara bilirsiniz. Bu qısa söhbət ruhumu xeyli təzələdi. Gəncliyimə qayıtdım, yazıçılar, şairlərlə təmaslarımı xatırladım. Bütün gənclərə tövsiyə edirəm ki, onlara ən yaxın dost kitablardır. O dostdan imtina etməsinlər. Kamilləşmək istəyirlərsə, vətənpərvər olmaq istəyirlərsə, kitab oxusunlar...

 

Xəbərlər