Cəmiyyət 13 May 2021, 18:46 | Baxış sayı: 296
Deputat: "Fond yaradılsın, eybi yoxdur, deputatın nəzarətində olmasın, amma fond deputatın təklifini nəzərə alsın".

“Xatırlayırsınızsa, deputatların maaşlarının artırılmasının əleyhinə çıxış etmişdim. Digər dövlətlərlə müqayisədə Milli Məclisin deputatları heç də yüksək maaş almırlar. Bu da nəzərə alınmalıdır ki, əhalinin böyük hissəsi az əməkhaqqı alır. Həmin şəxslərin maaşlarının artırılmasının tərəfdarıyam. Təklifim isə ondan ibarət idi ki, deputat fəaliyyətinin təmin olunması üçün fond yaratmaq mümkündür. Sirr deyil ki, deputat fəaliyyətinin təmin olunması üçün maaş kifayət etmir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

T.Kərimli qeyd edib ki, seçicilərini qəbul edən deputatlar bunu yaxşı bilirlər: “İcra strukturlarında və qeyri-dövlət strukturlarında belə fondlar var. Deputat fəaliyyətinin təmin olunması üçün əməkhaqqının yarısı qədər vəsait verilir. Hansı deputatki bununla kifayətlənir, alqışlanmalıdır. Deputatların əksəriyyəti isə mənimlə həmfikirdir. Rayonlardan seçilən deputatların işi bir qədər çətindir, çünki onlar uzaq kəndlərə getməlidirlər, burada avtomobillə təmin olunma və s. problemlər var. Dövlət avtomobil ayırmır. Şəhid, qazi və digər ehtiyacı olan ailələr var, ziyarət etmək lazımdır. Deputatlar bu ehtiyacları yaxşı bilir. Fond yaradılsın, eybi yoxdur, deputatın nəzarətində olmasın, amma fond deputatın təklifini nəzərə alsın. Elə ailələr var ki, evləri yararsız haldadır, elələri də var lampa almağa imkanı yoxdur... Söhbət əməkhaqqının artırılmasından deyil, deputat fəaliyyətinin təmin olunmasından gedir”.

 

T.Kərimli hazırki vəziyyətindən gileylənmədiyini bildirib: “Şükür ki, 22 ildən sonra əmək haqqı aldım, illərlə toplanan borcları, kreditləri ödəyirik, çatdıra bilmirik. Kiməsə demirəm, mənim əvəzimə iş görsün. Dəvət edirəm, gəlsinlər, evimdəki şəraitlə tanış olsunlar, sonra məndən umsunlar. Deyirlər, villaları, bahalı avtomobilləri var. Mənim heç şəxsi avtomobilim belə, yoxdur. İnsanı ləkələmək olmaz. Mənim qırıq pəncərəli mənzilim başqalarının haramla qurduğu imarətlərdən artıqdır. Dediklərim şəxsi təminatla bağlı deyil. İnsanlar umurlar. Bəzi hallarda da ləkə yaxırlar ki, imarətləri var, amma kömək etmir. Axı yoxdur... Sosial şəbəkələrdə də təhqir edirlər. Mənim daxmam da olsa, saray hesab edirəm...”

Xəbərlər