Siyasət 13 Aprel 2023, 14:58 | Baxış sayı: 172
“Deputat etikası var, bir yerdə işləyirik…”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Kərimli də parlamentin sonuncu plenar iclasında Azərbaycanda satılan dərmanların keyfiyyəti və bahalığı ilə bağlı etirazını bildirib. Lakin T.Kərimli də digər həmkarları kimi dərman sahəsindəki monopoliyadan danışsa da, konkret ad çəkmədiyinə görə tənqid edilir. Bildirilir ki, monopoliya ilə deputatın öz həmkarları Kəmaləddin Qafarov, Cavanşir Feyziyev də məşğul olur, niyə iclasda ad çəkilməyib?

 

T.Kərimli Pravda.az-a açıqlamasında haqqında səsləndirilən fikirlərə münasibət bildirib.

 

“Milli Məclisdə çıxışımda bildirdim ki, dərmanların bahalı və keyfiyyətsiz olmasının səbəbi təkcə hansısa xarici dövlətlərdən daşınma xərcləri ilə bağlı deyil. Ən əsas səbəb inhisarçılıq, monopoliya və tamahkarlıqdır. Bunu açıq demişəm. Kim ölkədə hansı işlə məşğul olubsa-olub. Biz məsələni fəlsəfi, siyasi, hüquqi nöqteyi-nəzərdən qoyuruq. İndi ki bizə irad bildirərlər “niyə öz yoldaşlarımızın adını çəkmirik?” Müəyyən deputat etikası var, bir yerdə işləyirik. Elimizin adəti, ədəb-ərkan qaydaları var. Biz deyirik, hər kəsə də bəllidir... Amma ad çəkmədiyimizə görə bizə irad tutulması, hesab edirəm, doğru deyil. Hər kəs özünü bizim yerimizə qoysun. Onsuz da özümüz özümüzə düşmən qazanırıq. Monopolistlər, inhisarçılar, bahalaşma aparanlar, tamahkarlar bizə nifrət edirlər, öz sosial şəbəkə profillərində bizi təhqir etdirirlər. Nə gəldi bizim barəmizdə deyirlər. Yəni onsuz da zərbə alırıq. Müəyyən etika çərçivəsində məsələni deyirik. Ona görə də bu irad doğru deyil. Hər şeydən əvvəl iş yoldaşlarıyıq. Bir komandada işləyirik. Hamımız Milli Məclisin deputatlarıyıq, işçiləriyik, oradan əməkhaqqı alırıq. Doğru olmaz ki, iş yoldaşı haqqında lazım olmayan söz deyəsən. Onsuz da sözümüzü elə ad çəkmədən də deyirik…” – T.Kərimli bildirib

Xəbərlər