Ümumi 18 May 2021, 18:00 | Baxış sayı: 294
Deputat: “Erməni faşistləri həmin ərazilərdə 22 muzeyi tamamilə məhv ediblər. Qədim şəhərimiz olan Şuşada 8 muzey fəaliyyət göstərib".

“18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu münasibətlə ölkəmizdə fəaliyyət göstərən muzeylərin əməkdaşlarını təbrik edirəm. Muzeylər xalqımızın zəngin irsini, tarixini özündə əks etdirir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub: “Respublikamızda muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Mən İçərişəhər Dövlət Qoruğu İdarəsində çalışdığım illərdə dövlət başçısının və Mehriban xanım Əliyevanın muzeylərə, tarixi irsimizə necə böyük önəm verdiklərinin canlı şahidi olmuşam. Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi də bu sahəyə xüsusi diqqətin nümunəsidir”.

Millət vəkili təəssüflə qeyd edib ki, Ermənistanın 30 illik işğalı altında qalmış torpaqlarımızda neçə-neçə tarixi abidə, o cümlədən muzeylərimiz qarət olunub və dağıdılıb: “Erməni faşistləri həmin ərazilərdə 22 muzeyi tamamilə məhv ediblər. Qədim şəhərimiz olan Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, eləcə də görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub. Ermənilərin məqsədi müqəddəs torpaqlarımızda xalqımızın zəngin irsini silmək olub. Ancaq buna nail ola bilmədilər. Biz güclü xalq olaraq torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, o torpaqlardakı bütün muzeyləri də bərpa edəcəyik, ermənilər tərəfindən oğurlanmış muzey eksponatlarının da geri alınması üçün bütün imkanlardan istifadə edəcəyik. Artıq doğma Şuşa şəhərində tarixi abidələrimizin, o cümlədən muzeylərin bərpası işləri həyata keçirilir. Digər ərazilərdə də bu işlər gerçəkləşdiriləcək. Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva başda olmaqla, həmin muzeylərin açılışlarını böyük qürur hissi ilə reallaşdıracağıq”.

Xəbərlər