Plenar iclaslar 2 İyul 2021, 15:19 | Baxış sayı: 324
Deputat: "Dövlət orqanlarında yeni kadrların təyinatı əvvəlki kollektivin səbəbsiz işdən çıxarılması ilə müşayiət olunur"

Elnur Allahverdiyev: "Dövlət orqanlarında yeni kadrların təyinatı əvvəlki kollektivin səbəbsiz işdən çıxarılması ilə müşayiət olunur" 

“Ölkəmizdə hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatların çox mühüm istiqaməti rəhbər vəzifələrə yeni, müasir düşüncəli və təhsilli gənc kadrların təyin olunmasıdır. Dövlətimizin hərtərəfli inkişafı yeni dünyagörüşünə malik, dünyada baş verən siyasi, iqtisadi tendensiyalardan xəbərdar olan kadrlardan asılıdır. İqtisadiyyat, sosial həyat, təhsil sahəsindəki uğurlarımız göz qabağındadır. 44 günlük Vətən müharibəsində gənc zabitlərimizin taleyüklü anlarda verdikləri qərarlar parlaq qələbəmizin mühüm səbəblərindəndir. Başqa sözlə, inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş dövlətimiz üçün yeni təfəkkürlü idarəetmə sistemi labüddür.

Ancaq bəzi hallarda yeni kadrın təyinatı ilə dövlət orqanlarında əvvəlki kollektivin səbəbsiz işdən azad edilməsi problemi yaşanır. Mən deyərdim ki, bir çox hallarda yeganə səbəb azad olunmuş kadrın yaşının yeni təyin olunmuş rəhbərin yaşından çox olmasıdır. Söhbət 50, 55, 58 və s. yaşdan gedir. Bu yaşda olan, müəyyən təcrübəyə malik kadrlar işdən çıxarılır. Mövcud durumu, pandemiya səbəbindən iqtisadiyyatımızın qarşılaşdığı problemləri nəzərə alsaq, faktiki olaraq işsiz qalırlar. Pensiya vaxtına isə hələ bir neçə il var. Bu şəxslər ailə başçısıdırlar, yaşlarının ən məsuliyyətli anını yaşayırlar, övladları təhsil alır, qızları, oğulları ailə həyatı qurmalıdırlar. Və belə bir anda dəstəyinə ehtiyac duyulan valideyn işsiz qalır. Fikrimcə, həmkarlarım mənimlə razılaşar ki, bu, kifayət qədər ciddi məsələdir və diqqətimizdən kənarda qalmamalıdır”.

 

Xəbərlər