Plenar iclaslar 11 İyun 2021, 14:28 | Baxış sayı: 163
Deputat: "Digər tərəfdən dünya praktikasında da var ki, orqanizmin funksiyalarının 30 %-ə qədər hissəsinin itirilməsinə görə əlillik təyin olunmur".

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclis müzakirələrdən sonra qanuna təklif edilən dəyişiklikləri ikinci oxunuşda qəbul edib. 13 deputat isə layihənin əleyhinə səs verib.

“Azərbaycanda olduğu kimi Ukrayna, Moldova, Rumıniya və başqa ölkələrdə də əlillərin sayı ümumi əhalinin 5-6 %-ni təşkil edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikləri təqdim edərkən deyib.

Deputat bildirib ki, Avropa ölkələrində bu faiz yüksəkdir: “Bu da Azərbaycanda əhalinin gənc olmasıyla bağlıdır. Bununla bağlı deputatlar ötən iclasda fikirlər səsləndirmişdilər. Digər tərəfdən dünya praktikasında da var ki, orqanizmin funksiyalarının 30 %-ə qədər hissəsinin itirilməsinə görə əlillik təyin olunmur. Şəxsin bir və ya iki barmağını itirməsinin onun birbaşa əmək fəaliyyətinə təsiri yoxdur. Astma xəstəsi olan insanların bu xəstəliyi onun fəaliyyətinə əngəl törətmir. Burada fikirlər səsləndirildi ki, yeni meyarlar qənaət rejiminə keçilməsi ilə əlaqədardır. Bu qətiyyən belə deyil. Bu qanun qəbul olunandan sonra Nazirlər Kabineti 800-dən artıq meyarı təsdiq edəcək. Bu meyarlar cəmiyyətə açıq olacaq”.

M.Quliyev dəyişikliklərin məqsədinin büdcə vəsaitlərinə qənaət etmək olmadığını deyib: “Son 6 ildə sosial xərclər artırılır. Müavinət, təqaüd, ünvanlı sosial yardımlar üzrə büdcədən illik xərclər 97 % artırılaraq, 1,2 milyard manata çatdırılıb. Yəni fikrin hər hansı əsası yoxdur. Ekspertizaların səyyar və elektron keçirilməsi ilə bağlı fikirlər səsləndirildi. Bu da müzakirə olunur. Burada 44 günlük Vətən Müharibəsi qazilərinin əlillik təyinatının gecikdirilməsi məsələsi gündəmə gəldi. Bunun da obyektiv səbəbləri var. Bəzi qazilərimizin hələ müalicəsi yekunlaşmayıb. Buna görə də onlara əlillik dərəcəsi təyin edilə bilmir. Məlumat üçün bildirirəm ki, artıq 800-dən çox qazimizin əlillik şəhadətnaməsi müəyyənləşdirilib. Bu proses davam edəcək”.

“Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur. Onu demək istəyirəm ki, belə deyil, hörmətli həmkarlar. Yenə də spiker Sahibə xanımın təklifinə qatılıram. Gələn həftə çox genişləndirilmiş komitə iclası keçirək, əlaqədar qurumları çağıraq və bütün suallara aydınlıq gətirək”.

Xəbərlər