Ümumi 7 Aprel 2021, 17:02 | Baxış sayı: 454
Deputat: "Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və onun siyasi rəhbərliyidir".

Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzü dövründə Ermənistan beynəlxalq hüquq normalarına zidd çərçivədə fəaliyyət göstərərək, müxtəlif cinayətlər törədib. Ötən dövr ərzində mənfur düşmən davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək, müharibə və insanlıq əleyhinə cinayətlər həyata keçirib. Təbii ki, qarşı tərəf bununla Azərbaycan xalqını qorxutmaq və Rusiya başda olmaqla, KTMT-nin üzvlərini müharibəyə cəlb etmək məqsədi güdüb. Təcavüzkar ölkə olan Ermənistan ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan, həmçinin ballistik raketlərdən istifadə etməklə öz faşist xislətini ortaya qoyub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, BMT Baş Assambleyasının 1974-cü il “Təcavüzün tərifi haqqında” qətnaməsinə görə, dinc yaşayış məntəqələrimizin Ermənistan tərəfindən raket və ağır artilleriya qurğuları, digər silahlar ilə hədəfə alınması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə birbaşa və qəsdən edilən silahlı təcavüz aktıdır. Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və onun siyasi rəhbərliyidir.

A.Məmmədovun sözlərinə görə, bu gün qarşımızda duran əsas məsələlərdən biri də Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyələrdə hüquqi cəhətdən dəqiq qiymətini alması, bu ölkənin layiqincə mühakimə olunmasıdır. “Ermənistan Azərbaycan ərazisində saysız-hesabsız müharibə cinayətləri törədib. Belə əməllərdən biri də müharibə dövründə Şuşaya “İsgəndər-M” operativ-taktiki raketin atılmasıdır. Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunması da faktdır. İndi isə sübut olunur ki, ermənilər həm də oğurluq silahlardan istifadə ediblər. Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində də İkinci Qarabağ müharibəsi günlərində Ermənistanın rəsmi şəxslərinin tez-tez Moskvaya səfər etməsi və oradakı şəxsi əlaqələrindən istifadə edərək xidməti təyyarələrində ölkəyə silahlar daşıması barədə ətraflı danışmışdı. Bildirmişdi ki, bu məsələdə erməni mənşəli rusiyalı iri sahibkarların, beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var”, - deyə A.Məmmədov qeyd edib.

Deputat bildirib ki, Ermənistan bir çox silahları, o cümlədən “İsgəndər-M” raketlərini qeyri-qanuni yollarla əldə etdiyi şübhəsizdir. Məqsəd isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı dağıtmaq olub. Amma Ermənistan məkrli niyyətinə çata bilməyib. Şanlı Azərbaycan Ordusu Ermənistanın Qarabağda yerləşdirdiyi bütün silah-sursat anbarlarını, ümumiyyətlə, Ermənistan ordusunu darmadağın edərək, tarixi ədaləti, özünün ərazi bütövlüyünü bərpa edib.

“Ermənistan törətdiyi bütün bu cinayətlərə görə həm universal cinayət yurisdiksiyasına görə milli hüquqi əsasda, həmçinin beynəlxalq məhkəmə instansiyaları qarşısında məsuliyyətə cəlb olunmalıdır. Bunun üçün həm real beynəlxalq hüquqi əsaslar, həm də çoxsaylı video-audio və digər faktlar və materiallar vardır”, - deyə Anar Məmmədov qeyd edib.

Xəbərlər