Siyasət 25 Avqust 2023, 18:27 | Baxış sayı: 198
“Azərbaycan suveren ərazilərində qanunsuz fəaliyyətlərə göz yummaq niyyətində deyil”

“Son 30 ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinə nəzər saldıqda missiyalarını tam və ədalətli şəkildə həyata keçirmədikləri bəlli olur. Belə ki qurumun Azərbaycan ərazisində heç də həmişə humanitar missiya ilə məşğul olmadığını təsdiqləyən bir sıra faktlar var”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

O qeyd edib ki, bunlardan BQXK-nın hələ də qanunsuz olaraq, Xankəndidə fəaliyyət göstərməsi və Xankəndi ofisinin Bakıya deyil, qurumun İrəvan nümayəndəliyinə tabe olması, 90-cı illərdə Ermənistanda azərbaycanlı hərbi əsirlərin edam edilməsi faktları üzə çıxdığı halda komitənin bu halları heç vaxt lazımi qaydada rəsmiləşdirməməsi, 44 günlük Vətən müharibəsi zamanı BQXK-ın bəzi əməkdaşlarının Azərbaycan Ordusunun dislokasiya yerləri barədə məlumat toplayıb, Fransa vasitəsilə Ermənistan tərəfinə çatdırmaları, humanitar yüklərin Tərtər və ya Bərdə vasitəsilə Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına çatdırılmasının sırf Ermənistan ərazisindən gəlməli olduğunda təkid olmaları, ümumilikdə BQXK-ın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətinin qeyri-legitim şəkildə yürüdülməsi, nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənməməsi konkret faktlardır:

“Belə ki, Xankəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əraziləri hesab olunduğuna baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağ iqtisadi rayonunun erməni azlığının yaşadığı bu kiçik ərazisində fəaliyyət göstərən təsisatı, sözügedən komitənin Azərbaycandakı nümayəndəliyinə deyil, Cenevrədə yerləşən mərkəzi ofisinə tabedir. Halbuki digər ölkələrlə müqayisədə BQXK-ın fəaliyyəti tamamilə fərqlidir. Müqayisə üçün deyə bilərik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Moldovanın separatçı Dnestryanı bölgəsində fəaliyyət göstərən ofisi Kişinyovda fəaliyyət göstərir. Nəyə görə Azərbaycanın suveren ərazisində hansısa beynəlxalq təşkilatın başqa ölkədəki ofisi fəaliyyət göstərməlidir? Qırmızı Xaç Komitəsinin Xankəndidəki nümayəndəliyi İrəvan deyil, birbaşa Bakıdakı ofisə bağlanmalıdır.

Prezident İlham Əliyev xarici dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların, eləcə də dünyanın müxtəlif ölkələrindən olan media təmsilçiləri ilə təmaslarında Beynəlxalq Qızıl Xaç Komitəsinin hüquqa zidd davranışları, eləcə də komitənin itkin düşmüş azərbaycanlıların talelərinə biganə yanaşması ilə bağlı davamlı olaraq, məsələ qaldırır, yaranmış vəziyyətin beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayır”.

Anar Məmmədovun fikrincə, Vətən müharibəsindən sonra regionda vəziyyət tamamilə dəyişib və yeni reallıqlar meydana gəlib:

“Buna görə də Qırmızı Xaç Komitəsi bu reallıqları nəzərə almalı və fəaliyyətini İrəvandakı nümayəndəliyi ilə deyil, Bakıdakı ofisi ilə qurmalıdır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, bütün nəqliyyat-kommunikasiya sistemini nəzarətə götürüb, işğaldan azad edilmiş torpaqlarımızda qanunlarımız və Konstitusiyamız işləyir. Dövlətimiz heç vaxt öz suveren ərazilərimizdə qanunsuz fəaliyyətlərə göz yummaq niyyətində deyil. Heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına göz yuma və dözə bilməz. Odur ki, ölkəmiz öz ərazisində bu fəaliyyətlərin qarşısının alınması, təkrarlanmaması üçün vəziyyətə uyğun olaraq zəruri olan bütün lazımi addımlar atmalıdır. Buna görə də Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin fəaliyyət göstərdiyi halda, Qızıl Xaç Komitəsinin fəaliyyətinə heç bir ehtiyac yoxdur”.

oxu.az

Xəbərlər