Cəmiyyət 24 May 2021, 17:00 | Baxış sayı: 298
Deputat: "Bu adamın xəstəliyi varsa da, əlillik verən xəstəlik deyil, amma iki ayağını bir başmağa dirəyib ki, əlillik dərəcəsi almalıdır".

“Açığını deyirəm, əlillik təyin edilməsi üçün maklerlər qrupu yaranıb”.

Bunu APA-ya müsahibəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, rayonların birindən bir millət vəkili ona müraciət edib: “Millət vəkili dedi ki, onların rayonundan yalnız bu kənddə 40-a yaxın şəxs hazırda Rusiyada işləyir. Amma o insanlar 5 il əlillik dərəcəsi alıblar, kartlarını da ailə üzvlərinə verib, Rusiyaya gediblər, ölkədə də deyillər. Belə hallar da var. Ona görə də bizim hüquq-mühafizə orqanları da burada öz sözlərini deməlidir. Çünki bunlar əlillik haqqı olan insanların haqqına girirlər. O vəsait elələrinə yönəlməsə, həqiqi əlillərin pensiya və müavinətlərini daha çox artırmaq, onlara tibbi xidməti daha da yaxşılaşdırmaq olar”.

Parlamentin komitə sədri qeyd edib ki, bəzən komitəyə də müraciətlər çox olur: “Mən 30 ildən çoxdur ki, tibbi ekspertəm, vaxtilə Əmək və Sosial Müdafiə Nazirliyində də bu sahədə işləmişəm. Baxıram ki, bu adamın xəstəliyi varsa da, əlillik verən xəstəlik deyil, amma iki ayağını bir başmağa dirəyib ki, əlillik dərəcəsi almalıdır. Təzyiqlər də, şantajlar da, qeyri-qanuni təkliflər də olur. Burada nəzarət də olmalıdır. Ona görə normal bir mexanizm olmalıdır ki, insanın psixologiyasında olmasın ki, saxta əlillik alacaq. Əksinə, sağlam insan kimi həqiqi haqqını tələb etsin ki, ona normal iş verilsin, məşğulluğu təmin olunsun. Yəni,alternativlər olmalı və vətəndaşlarımız istifadə etməyi bacarmalıdır”.

Xəbərlər