Cəmiyyət, Siyasət 23 Oktyabr 2021, 18:19 | Baxış sayı: 280
"Delimitasiya və demarkasiya SSRİ-nin Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanacaq".

"Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üçün 1920-ci il xəritələrinə əsaslanmaq Azərbaycanın maraqlarına xidmət edir. Belə olan halda, müəyyən haqsızlıqlar bərpa ediləcək".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında bağlanacaq iki mühüm sənəddən birinin də məhz delimitasiya və demarkasiya məsələləri ilə bağlı olacağı deyilir: "Qeyd edilir ki, sənəd Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanacaq. Bu, əlbəttə ki, Azərbaycanı qane edir. Bu barədə fikrini Prezident İlham Əliyev də dəfələrlə bildirib. Yaxın günlərdə elə Rusiya Prezidenti Vladimir Putin də məsələ ilə bağlı fikirlərini söyləyib. Sərhədlərin 1920-ci il reallıqlarına əsasən müəyyən edilməsi üçün kifayət qədər xəritələr və dəlillər var. 1920-ci ildən sonra Ermənistan o dövrdəki SSRİ rəhbərliyinin razılığı ilə bizim xeyli ərazilərimizi zəbt etmişdi. 1920-ci illərin dəlilləri əsasında sərhədlərin müəyyənləşdirilməsi ədalətsizliyi aradan qaldıracaq".

E.Məmmədovun sözlərinə görə, Azərbaycan üçün sərhədlərin müəyyənləşdirilməsi qədər vacib olan digər məsələ seperatçı qurumun ləğvi və bütün silahlı qruplaşmaların, diversant və terrorçuların Azərbaycan ərazisindən təmizlənməsidir.

Deputat qeyd edib ki, bu, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmalarda öz əksini tapıb və vasitəçiliyi boynuna götürən Rusiya bu problemi həll etməli, öhdəliyini yerinə yetirməlidir.

Xəbərlər