“Daxili Qoşunlar Gədəbəydə vəzifəsini icra edib, amma hər halda bunu daha mehribanlıqla etmək olardı...”
“Gədəbəydə baş verənlər heç də xoş deyil. Daha dəqiqliyi, təfərrüatı ilə öyrənməyə cəhd edirəm ki, hadisənin səbəbi nədir. Amma hər bir halda baş verənlər qınanılmalıdır. Yaşlı qadınla düzgün rəftar edilməli idi. Ancaq polisin qanuni mənafeləri müdafiə etməsi barədə də məlumatlar var. Məsələni dəqiq öyrənmək lazımdır. İndiki məqamda bu hadisəyə qiymət verməyə çətinlik çəkirəm. Hər şey aydınlaşandan sonra fikirlərimi əhatəli deyəcəyəm. Çünki bəzi iddialar var. Amma görüntülər hər kəsin gözü önündədir...”
Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Deputat bildirib ki, onda olan məlumatlara görə, qızıl mədənlərindən axan su Gədəbəyin Söyüdlü kəndindəki gölə axıdılır: “Bu sudan heyvanlar, insanlar içirlər. Bəziləri bildirirlər ki, su zəhərlidir, kalium tərkiblidir, sudan içən heyvanlar ölür. Buna görə də xalq etirazını bildirib. Təbii ki, Daxili Qoşunlar vəzifəsini icra edib ki, ixtişaşlar, narahatlıq olmasın, amma hər halda bunu daha korrekt, mehribanlıqla etmək olardı. Məsələ araşdırılır, yəqin ki, aydınlıq gətiriləcək. Ola bilsin, hansısa araqızışdıranlar da var. Bir az diqqətli olaq. Narahatlıq keçirirəm, gərək, belə hadisə olmayaydı”
Mənbə:pravda.az