Cəmiyyət 27 Aprel 2022, 14:09 | Baxış sayı: 194
"Çıxın televiziyaya, xalqa deyin ki, pensiyanızı biz kəsmişik".

Deputat Fəzail Ağamalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırış edib. 

Pravda.az xəbər verir ki, millət vəkili bunu Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında qanun"a təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırış edirəm. Çıxın televiziyaya, xalqa deyin ki, pensiyanızı biz kəsmişik. Biz nə günahın sahibiyik ki, hamı deputatın üstünə düşür? Bizi hər yerdə buna görə təhqir edirlər”, - deyə deputat qeyd edib.

 

Deputat Aqil Abbas həmkarı Fəzail Ağamalı ilə nazirlik arasında yaranan gərginliyə də münasibət bildirib:

“Əlilliyə görə pensiyası kəsilmiş vətəndaş müraciətləri çox gəlir. Onlar arasında həm haqlı, həm də haqsız olanlar var. Sözsüz ki, haqlı şikayətlər daha çoxdur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə bir qədər ciddi yanaşmalıdır”.

O qeyd edib ki, deputat məsuliyyətsiz söz deməz: “Ümumiyyətlə, hansısa millət vəkilinə məsuliyyətsiz demək mətbuat xidmətinin rəhbərinə yaraşmır. Əlillər narazılıq etməzsə, vətəndaşların şikayəti olmazsa, deputat niyə bunu dilə gətirsin ki?! Yəni, deputat məsuliyyətsiz çıxış etmir”.

Qeyd: Millət vəkili Fəzail Ağamalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiyası kəsilən vətəndaşlar barədə parlamentdə məsələ qaldırıb. Həmin nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə cavab olaraq bildirib ki, bir deputatın populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur.

Xəbərlər