“Çox ehtiyat edirdim ki, əxlaqsızlıq hədsiz dərəcədə yayıla bilər”
“Əxlaq polisinin və Mənəviyyat Komissiyasının yaradılması ilə bağlı təklifə ancaq o adamlar lağ edə bilərlər ki, özləri o cür həyat tərzi keçirirlər və keçirmək istəyirlər. Biz azərbaycanlıyıq, şərqliyik, türkük, müsəlmanıq, qafqazlıyıq. Bütün bunların cəmi bizim qürurlu, vicdanlı, namuslu, qeyrətli yaşamağımızı şərtləndirir. Bunun da biri mənəvi dəyərlərimizin qorunması, cəmiyyətdə, ictimai yerlərdə hansısa mənfi ünsürlərin ürək bulandırmaması, cəmiyyətə mənfi təsir bağışlamamasıdır. Radio, televiziya, internet vasitələri də ictimaiyyətə təsir edən vasitələrdir. Bunların da üzərinə mənəviyyat və əxlaq nəzarətinin qoyulması vacibdir. Bu, heç də İrandakı kimi baş örtüyünə və sair qarşı bir şey deyil. Yəni Azərbaycanın dünyəvi dövlətçiliyi qurulur, bu qanunlara riayət olunursa, eyni zamanda mənəviyyatımız da qorunmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, 1991-ci ildə Azərbaycan Ali Sovetində mənəviyyatımızın gələcəkdə təhlükələrdən qorunması üçün Mənəviyyat Komissiyasının və əxlaq polisinin yaradılması təklifini irəli sürüb:
“Çox ehtiyat edirdim ki, əxlaqsızlıq hədsiz dərəcədə yayıla bilər. Çünki kapitalizm bütün yaxşılıqlarla bərabər mənfiliklərin də intişar tapmasına yardımçı olur, pis şeylər arta bilir. Gözləntilərim özünü doğrultdu. İndi 1991-ci illə müqayisədə hədsiz dərəcədə əxlaqımızda, cəmiyyətdə deqradasiya baş verib. Bu baxımdan, əxlaq polisinin, Mənəviyyat Komissiyasının yaradılması çox ciddi haldır. Belə şəxslər qollarına “sarı” da bağlaya bilərlər, hökm deyil ki, polis olsunlar, paqon taxsınlar. Bunun üçün heç də kiminsə evinə getmək lazım deyil. Çünki bu, yalnız ictimai yerlərə aiddir. Bu, ictimai yerlərdə millətimizin, qanunlarımızın əleyhinə, mənəviyyatsız, əxlaqsız davranışların qarşısını almaqdan ötrüdür, bizim gələcəyimizdir. Avropadan texnoloji cəhətdən geri qalsaq da, mənəvi cəhətdən çox böyük üstünlüklərimiz var. Üstünlüklərimizi qorumaq, himayə etmək lazımdır”.