Cəmiyyət 11 Fevral 2022, 16:05 | Baxış sayı: 174
"Cənab Mehdiyev, istefa verin, ahıl yaşda kreslodan ikiəlli yapışmayın, imkan verin Elmlər Akademiyası adına uyğun fəaliyyətini bərpa etsin".

“Ramiz Mehdiyev getməli idi, karantin dövründə nəvəsinə dəbdəbəli toy edəndən sonra getməli idi. O toy təkcə karantin qaydalarını pozmaq deyildi, həm də cəmiyyətə meydan oxumaq, “mən qanundan və ictimai rəydən yuxarıdayam” demək idi. Getmədi, ancaq üzüsulu gedə bilərdi”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev qeyd edib ki, R. Mehdiyev həmin vaxt şansını qaçırtdı: “Hər halda üzüsulu getmək üzü tüpürcəkli getməkdən min dəfə yaxşı olardı. Ramiz Mehdiyev Prezident Administrasiyasındakı vəzifəsindən də vaxtında və üzüsulu gedə bilərdi, getmədi. Yalnız əlləri əsməyə, ayaqları büdrəməyə başlayanda yola salındı. İnsaf naminə demək lazımdır ki, layiq olduğundan qat-qat yüksək hörmət və təltiflərlə. Yola salındı, amma yolunu düz tapmadı, sapdı. O yolunu evinə salmalı idi, ömrün qalan hissəsini rahat, səssiz və pisliklərsiz yaşamaq üçün evinə, bağına, kəndinə dönməli idi. Yenə yanlış yapdı. Bəlkə də içində həsədlə yaşatdığı Prezidentlik arzusuna çatmağı Akademiyanın Prezidenti olmaqla reallaşdırmaqla təskinlik tapmaq üçün AMEA-ya getdi. Getməməli olduğu yerə getdi. Getməsəydi unudulacaq, bu çirkinliklər də olmayacaqdı. Bu çirkinliklər heç kəsə lazım deyildi. Özünü böyük görmək, qumdan, torpaqdan düzəltdiyi kiçicik evcikləri böyük saraylar kimi təqdim etmək uşaqlara xas xüsusiyyətdir. Reallıqları düzgün qiymətləndirməmək yaşlı adamın ağılsızlığı və bədbəxtliyidir”.

Adil Əliyev isə qeyd edib ki, R. Mehdiyevin seçki komissiyalarının formalaşmasında birbaşa iştirakı olub: “Maraqlıdır, Ramiz Mehdiyevin hansısa millət vəkilinin seçilməsi və ya ümumilikdə seçkilərin nəticələrinə dair iradı var idisə, bunu Prezident Administrasiyasına rəhbər olduğu dövrdə niyə bildirmir və qarşısını almırdı? Axı seçki komissiyalarının formalaşmasında onun birbaşa iştirakı olub. Seçki nəticələrindən şikayətçi olan ayrı-ayrı namizədlərin Mərkəzi Seçki Komissiyasına müraciət etmək hüququ var. Ramiz Mehdiyev isə radikal müxalifətin dili ilə demək istəyir ki, Azərbaycanda seçkilər saxtalaşdırılıb. Şəxsən öz adıma deyirəm ki, 2005-ci ildən bu yana parlament seçkilərində iştirak edirəm, necə seçildiyimi dairəmdə yaşayan soydaşlarımdan öyrənə bilər"

"Ramiz Mehdiyevin Elmlər Akademiyasının rəhbərliyindən uzaqlaşdırılmasına çağıranlara mən də qoşuluram. Akademiyada ciddi islahatlara, yeniliklərə, elmi ixtiralara ehtiyac var. Ramiz Mehdiyevin kriminal düşüncəsi yeniliklərə böyük səddir. Cənab Mehdiyev, istefa verin, ahıl yaşda kreslodan ikiəlli yapışmayın, imkan verin Elmlər Akademiyası adına uyğun fəaliyyətini bərpa etsin. Akademiyada qalsaz da, qalmasaz da, törətdiyiniz əməllərə görə cavab verməli olacaqsınız"..  

Tahir Kərimli də Ramiz Mehdiyevin istefasını tələb edir:

"Biz xalqa dürüst rəhbərlik etməli, onların haqqının müdafiəsinə qalxmalıyıq. Xalqın bizə vermək üçün məhəbbət və nifrətdən başqa heç nəyi yoxdur. Ramiz müəllim də bizə cürbəcür epitetlər qoyur, aşağılayır. Biz məgər çox günah sahibiyik?! Hörmətli Ramiz müəllim, baxmayaraq ki, mən sizdən yaşca çox kiçiyəm, amma bunu deməliyəm: lap elə mən özüm də, gəlin gedək. Əgər bacarmırıqsa, xalqımızı daha yaxşı yaşada bilmiriksə, qiymətləri qaldırıb xalqın var-dövlətini talayacağıqsa... Olmaz belə. Bəsdir də, adamın gözü doyar da. Ona görə də, qardaşım, mən sənə hörmətlə deyirəm ki, üzüsulu, urvatlı şəkildə gərək vəzifədən getməyi də bacaraq. Əgər siz istefa verəndən sonra sizə qarşı hansısa hərəkat olacağından qorxursunuzsa, gedin Prezidentin yanına, təhlükəsizliyinizə təminat alın. Xahiş edirəm, dövlətimizin və xalqımızın istəklərinə naminə istefa verin!"

Xəbərlər