“Cənab İlham Əliyev Xankəndidə imperializmin döyüş toplarını futbol topuna çevirib Qərbin qapısına vurdu”
“Azərbaycanın çox əsirlik şərəfli dövlətçilik tarixi fonunda son 200 ildə məqsədli formada feodal təfəkkürlü və aşırı xurafatçı bir tatar obrazı formalaşdırılmışdı. Bu obrazı nə Axundovun və Zərdabinin timsalında ziyalılar dəyişə bilmədi, nə cümhuriyyətçilər, nə də Heydər Əliyevə qədərki kommunist rəhbərlər. Yalnız Ulu Öndər bu gedişata son qoyub Azərbaycanda müasir dövlətçilik ənənələrini formalaşdıra bildi. Onun layiqli varisi cənab İlham Əliyev isə bu kursu yeni mərhələyə daşıyıb Azərbaycanı qalib hərbi-siyasi və iqtisadi gücə çevirdi”.
Bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Hazırda isə, İlham Əliyev şəxsiyyətinin yalnız Azərbaycan üçün yox, bütövlükdə region üçün önəminə şahidlik edirik. Sirr deyil ki, Qərb neoimperializmi əvvəlcə Azərbaycan Ermənistan münaqişəsi fonunda, daha sonra isə separatizmin dəstəklənməsi ilə Cənubi Qafqazı da Ukrayna kimi qütblər arası qarşıdurmanın bataqlığına çevirməyi planlayırdı. İsrail kimi qüdrətli dövlətin mövcudiyyətinə baxmayaraq, Yaxın Şərqi qütblərin savaş meydanına çevirə bilənlər Azərbaycan lideri qarşısında aciz qalmalı oldu. Məhz cənab İlham Əliyevin personası sayəsində bu gün bölgəmizdə nə münaqişə var, nə separatizm. Azərbaycan Prezidentinin qətiyyəti ilə 35 il regionun düyün nöqtəsi olmuş Xankəndi Qərbin planladığı qanlı qarşıdurmalara yox, idman mübarizəsinə ev sahibliyi edir. Bu mənada əslində cənab İlham Əliyev dünən Xankəndidə imperializmin döyüş toplarını futbol topuna çevirib Qərbin qapısına vurdu. Ən azı elə buna görə, Qafqazı tarixin ən qanlı müharibəsindən, qütblərin tapdağı olmaqdan xilas etdiyinə görə bu bölgənin hər bir sakini, hər bir gürcü, hər bir erməni, hər bir azərbaycanlı və Şimali Qafqazın hər bir etnosu cənab İlham Əliyevə minnətdar olmalıdır. Bu gün biz qələbədən danışırıq, 3 il əvvəl isə qələbə barədə ən yaxşı halda düşünə və arzu edə bilərdik. Üç ay əvvəl Xankəndinə hətta humanitar yükləri belə göndərmək mümkün deyildi, bu gün isə cənab İlham Əliyevin ucaltdığı Azərbaycan bayrağı altında, şəhid övladları Mehriban xanım Əliyevaya sarılıb idman yarışına tamaşa edir. O şəhidin ruhu Sizdən razıdır, cənab Prezident. Sayənizdə artıq güllədən, qəlpədən uşaqlar ölmür, Xocalıda qadını əsir düşdüyü halda kişilərin tribunalarda özünə “bəy” dedirtdiyi saxta bəylik dövrləri arxada qalıb. Rəhbərliyiniz altında qələbə qazanaraq artıq özünə bəy deməyə haqqı çatan nəsillər yetişib. Yeni və qüdrətli Azərbaycan var. Azərbaycan xalqı da gözəl bilir ki, qələbənin, inkişafın təhlükəsizliyin və ən əsası Azərbaycanın qüdrətinin qarantı şəxsən Sizsiniz! Doğum gününüz mübarək olsun, müzəffər lider! Tanrı Heydər Əliyev kursunu əbədi etsin!” – deputat qeyd edib.