“Cənab İlham Əliyev “Nobel” sülh mükafatı almağa ən layiqli namizədlərdən biridir...”
“Məlum olduğu kimi, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın beynəlxalq sülhə və təhlükəsizliyə töhfəsi misilsizdir. Rusiya-Ukrayna müharibəsi nəticəsində kəskinləşmiş ərzaq böhranı və qıtlığı, real aclıq təhlükəsi qarşısında cənab Ərdoğanın oynadığı rol xüsusilə qeyd olunmalıdır. Nəzərə alsaq ki, dünyanın buğda ixrac edən bir nömrəli dövləti olan Rusiya ilə buğda ixracına görə beşinci mövqeyə malik Ukrayna arasında müharibə gedir. Bunun Yaxın Şərqdə, Afrika qitəsində hansı fəlakətlərə gətirib çıxaracağını proqnozlaşdırmaq elə də çətin deyildi. Məhz cənab Ərdoğanın bu sahədəki fəaliyyəti, doğrudan da, dünya üçün aclıq təhlükəsinin aradan qaldırılmasına səbəb oldu. Bu gün Rusiya-Ukrayna arasında nizamlanma prosesində kömək də olsa, cənab Ərdoğanın xidmətləri misilsizdir. Ümumiyyətlə, Türkiyə bu gün regionda, beynəlxalq aləmdə sülhün və təminatında müstəsna rol oynayır. Bu məntiqlə yanaşdıqda Macarıstan Respublikasının Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın beynəlxalq “Nobel” sülh mükafatına namizədliyini irəli sürməsi təklifi tamamilə anlaşılandır, məntiqlidir. Bu kontekstdə qeyd etmək istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də “Nobel” sülh mükafatı almağa ən layiqli namizədlərdən biri ola bilər. Səbəbi də bəllidir...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, 30 ilə yaxın müddətdə Qafqaz regionunda sülhdən və təhükəsizlikdən söhbət belə gedə bilməzdi: “Cənubi Qafqaz regionu əslində barıt çəlləyi idi. Cənab İlham Əliyevin regionda davamlı sülhün və təhlükəsizlik mühitinin formalaşmasında misilsiz rolu və xidməti var. Cənab Prezidentin səyləri sayəsində regiona sülh gəlib. Təkcə cənab İlham Əliyevin sülhə və təhlükəsizliyə verdiyi töhfə bizim regionla kifayətlənmir. Eyni zamanda dünya üçün bir nömrəli təhdid mənbəyi olan beynəlxalq terrorçuluğa qarşı mübarizə prosesinə Azərbaycan dövləti böyük töhfələr verir. Azərbaycan sülhməramlıları İraqda, Əfqanıstanda sülh prosesinə böyük dəstək göstəriblər. İlk günlərdən beynəlxalq terrorizmə qarşı mübarizədə yaranmış koalisiyanın üzvü olublar. Əfqanıstanı ən son tərk edən məhz Türkiyə və Azərbaycan sülhməramlıları olub. Bütün bunları nəzərə aldıqda birmənalı söyləmək olar ki, həm Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə sülhə, böyük təhlükəsizlik mühitinin formalaşmasına verdikləri misilsiz xidmətlərinə görə beynəlxalq “Nobel” sülh mükafatı almağa layiq böyük şəxsiyyətlərdir”.