Cəmiyyət 24 Avqust 2022, 13:59 | Baxış sayı: 237
"Cəmiyyətin orqan transplantasiyasına həssaslığı var. Bu, nə dini, nə də hüquqi məsələdir".

“Meyitdən orqan transplantasiyası qanunda öz əksini tapsa da, müasir Azərbaycan tibb praktikasında bu əməliyyat icra olunmayıb”. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov belə bir açıqlama verib. 

 

Deputat bildirib ki, bunun səbəbi vəfat edən şəxsin yaxınlarının buna hazır olmamasıdır: “Bu bir az da mentalitet məsələsidir. Amma Azərbaycan tarixində belə bir praktika var. İlk dəfə Cavadzadə tərəfindən 1974-cü ildə 4 insana böyrək transplantasiyası həyatını itirmiş insanların orqanlarından istifadə olunaraq tətbiq olunub. Amma daha sonra bunun davamı olmayıb. Bu əslində nə dini, nə də milli dəyərlərlə uyğunlaşan bir haldır. Çünki bir insanın həyatını qurtarmaq, dünyanı xilas etməyə bərabərdir. Həyatını itirən insanlardan orqan transplantasiyası əməliyyatları İranın Təbriz şəhəri və Türkiyədə həyata keçirilir. Yəni dini baxımdan burada bir qadağa yoxdur. Bu əməliyyatların Azərbaycanda həyat keçirilməməsi nə dini, nə də hüquqi məsələdir. Cəmiyyətin bu hadisəyə qarşı həssaslığı var”.

Rəşad Mahmudov həmçinin əlavə edib ki, Azərbaycanda orqan dəyişdirilməsinə ehtiyacı olan çox sayda insan var: “Hər il ölkəmizdə 50 minə yaxın insan həyatını itirir. Onlardan ən azı 500-ə yaxınının beyin ölümü gerçəkləşdikdən sonra, orqanlarının bağışlanması ilə çox sayda insanı həyata qaytarmaq mümkündür. Nəzərə alaq ki, bir nəfərin orqanlarının bağışlanması ilə 7 insanı həyata qaytarmaq mümkündür. Bununla biz, əslində tibbə və insanlığa fayda verdiyimiz kimi, həm də həyatını itirən yaxınlarımızın orqanlarının yenidən başqa bir bədəndə yaşaması kimi xoşbəxtliyə nail ola bilərik. Qanunvericiliyə gəldikdə isə bu sahədə Azərbaycanda mövcud olan qanun dünyəvilik baxımından ən idealıdır”.

Mənbə: Apa.az

Xəbərlər