"Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?!"
“Şeyxin Azərbaycan tarixindəki rolu məgər bu iki maddəyə bağlıdır?”
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.
F. İbrahimli bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib: “Şeyxin səlahiyyəti məgər nəzir qutusu, molla təyinatı ilə bağlıdır?! Axı Prezident İlham Əliyev Şeyx həzrətlərini “Şərəf” ordeni ilə təltif edib! Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?! Mən Şeyx təəssübkeşi kimi danışmıram, amma mətbuatda yazılan xəbərlərə baxın. Qanunun məqsədi hansısa fərd, qurum deyil, məqsəd Azərbaycanın Konstitusiyasına, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən, qanunun müasir tələblərə uyğunlaşdırılmasıdır”.
Vitse-spiker cahil mollaların Azərbaycan cəmiyyətinə vurduğu ziyana da toxunub: “Yer üzündə elə ölkə var ki, orada cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin?! Cahillik cəmiyyətin məhsuludur. Biz özümüz ona yol açırıq. Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə bütün ömrünü bu cahilliyə qarşı mübarizəyə həsr etdi".