Siyasət 27 Sentyabr 2023, 16:06 | Baxış sayı: 65
"Cəmi 23 saata qazanılan qələbədən sonra nə Pauer, nə də başqalarının bölgədə hərəkət şansı qalıb..."

"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin köməkçisi Yuri Kimin Ermənistana, daha doğrusu Azərbaycanla sərhədə - Gorusa səfəri regionda artan sülh ehtimallarına təhdiddir".

 

Bunu açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

"Xüsusən Pauerin Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığında "Azərbaycanın Laçın koridorunu bloklaması" barədə köhnə havaları çalması, açıq anti-Azərbaycan ritorikasını gizlətməməsi fonunda səfərin əsl məramı barədə fikir yürütmək çətin deyil. Görünən odur ki, USAID kimi mühüm və böyük üfüqlərə malik nəhəng təsisat Samanta Pauer kimi cılız hədəfləri olan bir şəxsin mənfur planlarının alətinə çevrilməkdədir. Bildiyiniz kimi, bu, Samanta Pauerin regiona münasibətdə ilk təxribatı deyil.  Açıq Cəmiyyət İnstitutunun yetirməsi olan və Sorosun proteksiyası altında fəaliyyəti dövründə Pauer dəfələrlə aşkar şəkildə erməni terroru və vandalizmini dəstəkləyib, davamlı olaraq sosial şəbəkələrdə erməni lobbisi ilə həmrəylik nümayiş etdirmişdir. Heç şübhəsiz ki, Agentliyin geniş maliyyə imkanları hesabına regionda vəziyyətin yenidən gərginləşdirilməsi cəhdləri olacaq. Lakin məsələ burasındadır ki, Azərbaycanın zəfərləri ilə yaratdığı reallıq fonunda Samanta Pauerin arzuladığı situasiyaya nail olmaq mümkün deyil. Xüsusən antiterror tədbirləri ilə cəmi 23 saata qazanılan qələbədən sonra nə Pauer, nə də başqalarının bölgədə hərəkət şansı qalıb. Uzunmüddətli iqtisadi və sosial inkişafı hədəfləməli olan, bu günə qədər olduğu bölgələrdə kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya, humanitar yardıma dəstək istiqamətlərində ciddi proqramlar reallaşdırmış USAID-in isə məqsədləri ilə üst-üstə düşməyən şər yuvasına və agentura şəbəkəsinə çevrilməsi təəssüf doğurur", - deputat bildirib.

pravda.az

Xəbərlər