Cəmiyyət 14 Fevral 2022, 18:16 | Baxış sayı: 56
"Cavanşir Feyziyevi uzun illərdir, tanıyıram. Onun mükəmməl bir insan olduğunu iddia edə bilmərəm. Amma yaxşı insan olduğunu bilirəm".

“Vəzifəsindən, rütbəsindən, tutduğu mövqedən asılı olmayaraq insanın dəyəri həm də onun xeyirxah əməlləri ilə ölçülür. Milyonçu olmaq eyib deyil! Əgər sən o milyonları təkcə özünə sərf edirsənsə, cəmiyyətə, insanlara fayda vermədən xərcləyirsənsə, ətrafdakı ehtiyacı olanlara əhəmiyyət vermirsənsə, o zaman bu nə cəmiyyət, nə də ki, kainatın Yaradıcısı tərəfindən doğru, halal hesab edilə bilməz. Amma... Hesab edirəm ki, indi ölkəmizdə halal yolla milyonçu olanların sayı çoxdur və onların əksəriyyəti ailə, Vətən, el-oba, din, dövlət qarşısında öhdəliklərini layiqincə yerinə yetirir, vergisini ödəyir, ölkəmizin və insanlarımızın daha firavan yaşaması üçün əllərindən gələni əsirgəmirlər. Son vaxtlar sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində məmur-deputat-media-vətəndaş münasibətləri ilə bağlı gedən yazılar və cəmiyyətdə onların doğurduğu rezonans və birmənalı olmayan gərgin vəziyyətlər məni də narahat edir. Bəri başdan deyim ki, istər mətbuata və ya onun nümayəndələrinə, istərsə də vətəndaşa və yaxud hansısa məmura qarşı təzyiq, yaxud kobudluq yolverilməzdir. Mən bunu cəmiyyət üçün böyük təhlükə hesab edirəm. Əlbəttə, çoxlarının xoşuna gəlməsə də, obyektiv tənqid vacibdir; söz və mətbuat azadlığı artıq bizim həyatımıza daxil olub, biz ondan qaça bilmərik. Lakin burası da var ki, bəzən mediada da tənqid əvəzinə tutduğu vəzifəsindən və mövqeyindən asılı olmayaraq şəxsiyyət təhqir edilir, ona iftira və böhtanlar yağdırılır. Belə münasibətlər çox vaxt hər iki tərəfin dözümsüzlüyü və mənəvi-psixoloji durumu ucbatından daha da gərgin hal alır, nəticədə münasibətlər nəzarətdən çıxır. Əvvəla onu deyim ki, Cavanşir Feyziyevi uzun illərdir, tanıyıram. Onun mükəmməl bir insan olduğunu iddia edə bilmərəm. Amma yaxşı insan olduğunu bilirəm. Onunla ilk dəfə hələ həkimlik fəaliyyətimə ölkəmizdə təzəcə başladığım Mərkəzi Neftçilər Xəstəxanasında  rastlaşmışam. Bunları heç vaxt dilə gətirməmişəm, lakin bu gün onun ətrafında yaranmış hay-küylü qalmaqal onun bir insan kimi görünməyən tərəfləri barədə fikir söyləməyi özümə borc bilirəm. Qeyd etdiyim kimi, Cavanşir müəllim hələ o vaxtlardan humanistliyi və insanpərvərliyi ilə yadımda qalıb. O, yüzlərlə imkansız ailəyə ən çətin anlarında dayağ olub, onların açıq ürək əməliyyatları, oynaq protezləşməsi, qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının həyata keçirilməsi üçün köməklik göstərib. Hələ 2004 ci ildə unudulmaz səhiyyə təşkilatçısı mərhum Fəxrəddin Cavadovun bir xahişinə ürək və damar xəstəlikləri şöbəsinin açılışında yüz minlərlə dəyəri olan avadanlıqları alıb hədiyə etməsinin şahidiyəm. O zamanlar tibbi sığorta yox idi, insanlar belə ağır xəstəliklərlə qarşılaşanda bəzən çarəsiz vəziyyətdə qalırdılar. Bu xəstəliklərin müalicəsi və əməliyyatı isə ölkəmizdə yalnız yüksək texnoloqiyalı tibbi xidmətlər göstərən bir neçə xəstəxanada və ya xaricdə mümkün idi. Sonrakı illərdə də Cavanşir müəllimin xeyirxah əməllərinin dəfələrlə şahidi olmuşam. Yüzdən çox xarici elm adamlarının və dünyaca məşhur Professorların konfranslarda ölkəmizə gətirilməsindəki realıqları bilən biri kimi yazmaq məcburiyyəti hiss etdim. Çünki o bunları heç bir zaman nə jurnalistika, nə iş həyatı, eləcə də siyasi fəaliyyətində dilə gətirmədi. Bu, sadəcə, mənim bir həkim kimi şahidi olduqlarımdır. Bəlkə də daha çoxunu edib. Burada təkcə maddi köməkdən söhbət getmir, ailələrə, insanlara və cəmiyyətə mənəvi-psixoloji dəstəyin özü də humanizmin nümunəsi idi. Dəfələrlə görmüşəm ki, Cavanşir müəllim maddi köməklik etdiyi insanlara əməliyyatdan sonra baş çəkib, onların sağlamlığı və şəraiti ilə şəxsən özü maraqlanıb. Təcrübəmə və müşahidələrimə əsasən deyə bilərəm ki, insanlar arasındakı münasibətlər hər zaman hamar və isti olmur. Sağlam və düzgün münasibət qurmağın özü də bir bacarıqdır, istedaddır və bunu hər hansı bir kitab və yaxud film öyrətmir, biz bunu həyatımız boyu yalnız real qarşılıqlı münasibətlər prosesində əxz edir, götürürük. Problemlər də məhz bu zaman üzə çıxır və nəticədə həyatımızı çətinləşdirir. Əsas səbələrdən biri də budur ki, insanlarımızın əksəriyyəti diplomatiyanın əslində nə demək olduğunu bəlkə də bilmir, qarşı tərəfin maraqları haqqında kifayət qədər düşünmür, ya da düşünmək istəmir; burada qarşılıqlı maraqların diqqətlə öyrənilməsi, yaxud düzgün  əlaqələndirilməsi çox vacibdir. Ortaq dil tapmaq məharəti, qarşılıqlı güzəştə getmək bacarığı, hadisə və proseslərə soyuq və sağlam münasibət bildirmək istedadı axsayır, nəticədə münasibətlər korlanır, cəmiyyət kəskin gərginlik içində yaşamalı olur. Nəzərə alsaq ki, biz özümüz də çox gərgin bir dünyada yaşayırıq, gərginlik təkcə çölümüzdə baş verən saysız-hesabsız hadisə və proseslərlə bağlı deyil, həm də içimizdəki ziddiyyətli və paradoksal mənəvi-psixoloji durumla əlaqəlidir, onda söylədiklərimiz daha aydın başa düşülə bilər. Məsələnin kökünü və mahiyyətini bilmədən insanın sosial şəbəkələrdə “top atəşi”nə tutulması məni hər şeydən öncə bir insan kimi də ağrıdır; onun və ailə üzvlərinin ətrafında yaradılan neqativ əhval-ruhiyyə heç kimə başucalığı gətirmir və gətirə də bilməz. Eləcə də həmkarımın mətbuata qarşı dözümsüzlüyü, medianın ünvanına çox sərt sözlər ifadə etməsini də qəbul etmirəm və təəssüflə bildirirəm ki, məsələnin siyasi-iqtisadi, sosial və insani baxımdan bu dərəcədə ictimailəşdirilib “dövriyyəyə” buraxılması da xoş təəssürat yaratmır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Rəşad Mahmudov bildirib.

“Neyləmək olar ki, insan bəzən xoşbəxt və ağıllı olmaq uğrunda mübarizədə elmi-məntiqi idrakı inkar edən cəmiyyətlə toqquşur. Bu toqquşmada bəzən cəmiyyət vəya kütlə qalib gəlir, bacarıq və intellekt yox. Səbəblər həddən artıq çoxdur, nəticə isə nadir hallarda uğurlu və faydalı olur. Mən bütün insanlarımıza qarşılıqlı münasibətlərdə daha sağlam yanaşmalar, dözüm, daha güclü və uğurlu nəticələr arzulayır, "mükəmməlliyyətçilik yaxşılığın düşmənidir" kəlamı ilə yazıma nöqtə qoyuram. Hamıya keçmiş olsun deyək...gələcəyimizə inamla baxaq, səhvlərimizdən doğru dərslər alaq, pozitiv müstəviyə qayıdaq, bu ölkənin vətəndaşı olmaqla bir daha qürur duyaq...” – R.Mahmudov qeyd edib.

Xəbərlər