Cəmiyyət 7 Fevral 2022, 14:48 | Baxış sayı: 328
Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.

Bununla bağlı o Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb.

O qeyd edib ki, bir neçə gün öncə "Facebook" səhifəsində yazdığı statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdmədiyini bildirib: "Sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm. Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram".

 

Cavanşir Feyziyevin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsi müzakirə olunub.

Əflatun Amaşovun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: "Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik".

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi", - deyə Ə.Amaşov əlavə edib.

Xəbərlər