İqtisadiyyat 14 Avqust 2023, 11:36 | Baxış sayı: 88
“Çalışılmalıdır ki, gənc kadrlar paytaxta üz tutmasınlar, ölkədən kənara getməsinlər”

İqtisadiyyatın dayanıqlı olması və şaxələndirilməsi onun dinamik inkişafı üçün zəmin yaradır. Azərbaycanın milli iqtisadiyyatı qlobal iqtisadiyyatın tərkib hissəsidir və xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır. 

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, regionlarda gedən sosial-iqtisadi inkişaf, yeniliklər, yaradılan yeni şəraitlərlə bağlı bir az aktiv olmaq lazımdır.

“Ayrı-ayrı rayonlarda, bölgələrdə sahibkarların hansı işlərlə məşğul ola bilməsi, sahibkarlıq və investisiya mühitinin daha münbit olması istiqamətində dövlətin addığı addımlar, edilən güzəştlər, kiçik və orta sahibkarlıq və s. - bütün bunlarla bağlı televiziyalarda, saytlarda hər bir üsuldan istifadə etməklə xüsusi təbliğat-təşviqat işi aparmaq lazımdır. Hər regiona aid 3-4 dəqiqəlik sosial təşviqat çarxları olsa, kifayətdir. İnsanlara bunu çatdırmaq lazımdır. Bu gün urbanizasiya problemi nəticəsində Bakıya və digər böyük şəhərlərə regionlardan axın sürətlənib. Düzdür, indi proses geriyə qayıdır, amma bu, bizi o qədər də qane etmir. İstəyirik ki, insanlar tezliklə regionlara qayıdıb orada işlər görsünlər. Bunun üçün şərait var. İnfrastruktur layihələrinin hamısı həyata keçirilib. Torpaqların satışı, icarəsi ilə əlaqədar daha rahat şərait var. Maliyyə alətlərindən - kreditlərdən hansı faizlə hansı biznesə götürmək mümkündürsə, bu barədə də təbliğat olmalıdır. “CBC” kanalında rus dilində həftədə bir dəfə “Sahibkar saatı” verilişini aparıram. Ən uğurlu sahibkarları efirə dəvət edirik, onlar öz işləri, bu sahədəki inkişaf və problemlər barədə danışırlar. Əfsus ki, dəvət olunan sahibkarların 90%-dən çoxu şəhərdə işləyənlərdir. Bizə daha çox regionları əhatə etmək lazımdır. Düşünürəm, regionlarda sahibkarlıq fəaliyyəti ilə bağlı ən birinci saytlar daha çox yazmalıdır. Uğurlu sahibkarlar barədə məlumat verməlidirlər, onların gördükləri işlər, üzləşdikləri problemlər, təklif və tələbləri işıqlandırılmalıdır”, - deputat bildirib.

 

R.Quliyev deyib ki, dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində addımlar atılır, şərait yaradılır: “Amma bunun təbliği, informasiyanın çatdırılması gücləndirilməlidir. Təbliğat-təşviqat kampaniyasını daha çox bu işləri daha dərindən bilən dövlət qurumları aparmalıdır. Dövlət qurumlarının da mövqeyi ortaya qoyulmalıdır. Əfsus ki, informasiya qıtlığı var. Bir çox insan bilmir ki, bu gün Azərbaycan dövləti regionlarda sahibkarlığın inkişafı üçün nə şərtlər, güzəştlər tətbiq edir. Bu barədə daha çox danışılmalıdır. Bu gün sahibkarlıq bir sinif kimi inkişaf edib. Burada hamımızın rolu olmalıdır”.

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev isə deyib ki, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq Azərbaycan hökuməti mütəmadi planlı tədbirlər həyata keçirir:

“Bu istiqamətdə qəbul edilmiş proqramlar əsasında regionların inkişafına nail olunduğunu deyə bilərik. Amma Bakıdan kənarda yerləşən şəhər və rayonlarımızda ən ciddi problem məşğulluq probleminin qalması və sahibkarların regionlara daha az investisiya qoymalarıdır. Bu istqamətdə daha çox dövlətin üzərinə yük düşür. Çalışmalıyıq ki, regionlara iş adamlarının cəlb olunmasına marağı artıraq. Regionlarımızı bu məsələdə cazibədar edək. Bununla yanaşı, Sovet dövründə zavod və fabrik kimi fəaliyyət göstərən ərazilər bəzi şəxslər tərəfindən özəlləşdirilib. Bu gün həmin ərazilər ya boş qalıb, ya da təyinatından kənar məqsədlər üçün istifadə edilir. Həmin müəssisələri yenidən bərpa edə bilsək, düşünürəm, məşğulluq probleminin həllinə çox böyük dəstək ola bilərik. Əvvəlki dövrlərdən fərqli olaraq hazırda şəffaf vergi sistemini görürük. Bu da istər-istəməz sahibkarların regionlarda fəaliyyət göstərmələri üçün zəmin yaradır. Çalışmalıyıq ki, regionlarda azad iqtisadi zonaların sayını artıraq, vergi aşağı faizlərlə yığılsın, sahibkarların məhz regionlarda müəssisələr qurub iş yerləri yaratmağa maraqları olsun. Belə olacağı təqdirdə regionlarımızda həm yeni iş yerləri yaranar, həm əhalinin məşğulluq problemi həll edilər, həm də regionlara yeni investisiyalar qoyular. Paytaxtla regionlar arasındakı fərq daha da azalmış olar. Savadlı kadrların bölgələrdə qalıb çalışmaları üçün zəmin yaratmalıyıq. Xüsusilə universitetlərdə çalışan gənc alimlərin mənzil problemlərinin həllinə marağı artırmalıyıq. Hətta ipotekaların verilmə şərtlərində universitet müəllimləri, gənc alimlər üçün münbit şərait yaratmalıyıq. Bacardığımız qədər çalışmalıyıq ki, gənc kadrlar paytaxta üz tutmasınlar, ölkədən kənara getməsinlər. Öz rayon və şəhərlərində qalıb işləsinlər. Regionlarda yerli kadrların işlə təmin edilməsinə üstünlük verməlidoir. Rahatlıq yaratmalıyıq ki, onlar dövlət qulluğuna qəbul, yaxud digər müəssisələrdə işə qəbul zamanı həmin regiondan olan kadrlara daha çox üstünlük verilsin”. 

pravda.az

Xəbərlər