“Bəzi qüvvələr Azərbaycan və Ermənistanın sülh sazişini bağlamasına mane olur”
“Ermənistan hər zaman onu himayə edən dövlətlərin tapşırıqlarını yerinə yetirir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, bəzi qüvvələr Azərbaycan və Ermənistanın sülh sazişini bağlamasına mane olur.
“Həmin qüvvələr gözləyirlər ki, hansısa bir formada yenidən Azərbaycan torpaqlarını işğal etsinlər, lakin bu, mümkün olmayacaq. Tam əminəm ki, Azərbaycan yaxın gələcəkdə öz istəklərinə nail olacaq”.
F.Ağamalı qeyd edib ki, Ermənistan dövləti öz ağalarının təhriki ilə daim Azərbaycana qarşı öz məkrli planlarını həyata keçirməkdədir:
“Sülh sazişinə hazırlığın getdiyi bir vaxtda Paşinyanın "mən sülh sazişini bağlamağa hazıram" deməklə hər kəsin diqqətini özünə cəlb edir. Ancaq həmin vaxtda Azərbaycanın ərazisində təxribat törədirlər və ən müxtəlif silahlardan ordumuza qarşı atəş açırlar. Məsələn, İrandan aldıqları dron, Hindistandan aldığı artilleriya vasitələri ilə əsgərlərimizin üzərinə vəhşicəsinə hücuma keçirlər.
Təəssüf ki, yenə də şəhid verməli oluruq. Buna görə də ermənilərə qətiyyən inanmaq lazım deyil. Şəxsən mən Paşinyanın sözünə, hər hansı bəyanatına, fikrinə inanmıram. Çünki riyakardır, məkrlidir”.
Deputat deyib ki, bir sıra dövlətlər Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə çalışır:
“Biz hər zaman İran və Fransanın Ermənistanı müdafiə etdiyini görürük. Rusiya zatən sülh sazişinin bağlanmasında maraqlı deyil və münasibətlərin yaxşılaşmasına heç də müsbət yanaşmır. Çünki belə hal olarsa, Rusiya sülhməramlı qüvvələrini Qarabağdan çıxartmalı olacaq. Rusiya isə bunu istəmir. Belə bir vəziyyətdə Ermənistan onların təhriki və yardımı ilə Azərbaycana qarşı özünün məkirli planlarını yerinə yetirir.
Tam əminəm ki, Azərbaycan dövləti öz sərhədlərini müəyyənləşdirəcək və öz sərhədləri çərçivəsində fəaliyyətini quracaq. Ermənistanın vaxtilə bu və ya digər yollarla ələ keçirdiyi ərazilərimiz geri qaytarılacaq. Bütövlükdə sərhədboyu zonada Azərbaycanın keçirmiş olduğu sərt və yumşaq siyasət Ermənistanı içindən dağıdacaq”.
Fəzail Ağamalı hərbiçilərimizin əsir düşməsi məsələsinə də toxunub:
“Əlləri, qolları bağlı şəkildə hərbiçimizə bu dərəcədə işgəncənin verilməsi vəhşilikdir, barbarlıqdır. Bunun başqa adı yoxdur. Artıq Azərbaycanın rəsmi qurumları bununla bağlı reaksiyasını verib, eyni zamanda beynəlxalq təşkilatlara müraciət olunub.
Ümidvaram ki, özünə hörmət edən, haqqı-ədaləti müdafiə edən ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın bu vəhşiliyini sərt şəkildə qınayacaqlar və mühüm tədbirlər görəcəklər”.