Cəmiyyət 26 Oktyabr 2023, 15:21 | Baxış sayı: 104
"Bəzi qadınlar hətta sosial problemlər səbəbindən əxlaqsızlığa qurşanırlarsa, bu, doğru deyil"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə dair hesabatında fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklif edilir. Belə ki, sənəddə həmçinin qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən, onları gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması, fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklifi də irəli sürülüb. 

 

Dövlət Komitəsinin təklifinə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli açıqlamasında narazılığını dilə gətirib. 

 

“Təkliflə tanışam, amma razı deyiləm. Əlbəttə, əxlaqsızlıqla məşğul olan qadınları bu yola salanlar, onlara “obyekt” kimi baxanlar cəzasını almalıdır. Buna şübhə yoxdur, amma həmin qadınların özlərinin hüquqi məsuliyyətə cəlb edilməməsi təklifi qəbuledilməzdir. Çünki bəzi qadınlar hətta sosial problemlər səbəbindən belə əxlaqsızlığa qurşanırlarsa, bu, doğru deyil. Əlbəttə, cəmiyyət bu məsələdə günahkardır - qadın dolana bilmir, başqa yol tapmır, pis yola gedir. Amma bu, heç vaxt qadını fərdi məsuliyyətdən azad edə bilməz. İstər kişi, istər qadın cəmiyyətin ümumi adətinə, qanun və qaydalarına riayət etməlidir, əxlaqsızlıqla məşğul olmamalıdır. Məşğul olursa, ətrafına da pis təsir edir, cəmiyyəti korlayır, insanların tərbiyəsini aşağı salır, övladlarımızı yoldan çıxarır. Buna görə də Komitənin təklifi ilə razı deyiləm, kim inciyirsə, incisin”, - deputat bildirib. 

 

Tahir Kərimli hesab edir ki, cəmiyyət saf olmalıdır: “Bütün dövlət strukturları, bütün vəzifəli şəxslər birlikdə birinci növbədə əxlaqsızlığı törədən səbəb və şəraitin aradan qaldırılmasına çalışmalıyıq ki, insanlar sosial problemləri bəhanə etməsinlər. “Ailə, uşaq saxlaya bilmirəm, dolana bilmirəm, ona görə bu yola gedirəm...” Bütün bunları bəhanə hesab edirəm, əsaslı səbəb saymıram. Əlbəttə, əxlaqsızlıq yuvalarını saxlayanlar, əxlaqsızlıqdan bəhrələnən namərd insanların cəzalandırılmasına da nail olmalıyıq. Paralel olaraq həmin qadınların məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda böyük maarifçilik işi ilə və fərdi söhbətlər vasitəsilə qadınları pis yoldan çəkindirməliyik”. 

pravda.az

Xəbərlər