“Bəzi məmurlar “kreslo”nun sanki şəxsi mülkləri olduğu qənaətinə gəliblər”
“Cənab Prezident İlham Əliyev 11 iyulda keçirilən müşavirədəki çıxışında bir çox məsələlərə aydınlıq gətirdi. Eyni zamanda Gədəbəyin Söyüdlü kəndi ətrafında ekologiyaya vurulmuş ziyanla bağlı vəziyyəti şərh etdi. Təəssüf ki, bir daha məmurların işə can yandırmamalarının, vətəndaşla işləməmələrinin, bütün bunların xoşagəlməz halla nəticələnməsinin şahidi olduq. Cənab Prezident xüsusilə Söyüdlü sakinlərinə problemi ictimailəşdirdikləri üçün təşəkkür etdi. Xarici şirkətlərin Azərbaycana sərmayə qoymalarını, yeni iş yerləri açmalarını hər kəs istəyir. Ancaq biz xarici sahibkarla yerli sahibkar arasında heç bir fərq qoymamalıyıq. Azərbaycanda qanun birdir. Bu fəaliyyət qanunvericilik çərçivəsində tənzimlənməlidir. Aidiyyatı qurumlar, nazirliklər, məmurlar ikili standartla çıxış etməməlidirlər”.
Bu sözləri açıqlamasında Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev deyib.
“Necə ki bütün müəssisələrdə qanunvericiliyin tələbləri üzrə nəzarət mexanizmi həyata keçirilir, xarici sahibkarlara da eyni qaydalar tətbiq edilməlidir. Azərbaycan təbiətinə, ekologiyasına zərrə qədər ziyan vurulma ehtimalı varsa, bu proses mütləq aidiyyatı qurumlar tərəfindən araşdırılmalı, lazımi yerlərə məruzə edilməlidir. Hesabatlılıq təmin edilməlidir. Vətəndaşların sosial rifahı zərrə qədər şübhə altına alınmamalı, çətin şəraitə salınma ehtimallarına qətiyyən yer olmamalıdır. Azərbaycan dövlətinin əsas prioritetlərindən biri vətəndaşların sosial rifahının yaxşılaşdırılması və onların sağlamlığının qorunmasıdır. Təəssüf ki, həmişə baş verən problemlə bağlı cənab Prezident öz mövqeyini ortaya qoyduqdan sonra hansısa məmurlar cəzalandırılır, bundan sonra problem həllini tapır. Məmurların kimlərləsə sövdeləşməsinin, nələrəsə göz yummasının, yaxud baş verən problemə zamanında düzgün qiymət verilməməsinin, vətəndaşlarla işin yüksək səviyyədə təşkil edilməməsinin şahidi oluruq. Bu, heç də yaxşı hal deyil. Cənab Prezident kifayət qədər ciddi, ağır, məsuliyyətli işlərlə məşğuldur. Bunu bilmək üçün xarici təhdidləri nəzərə almaq bəs edir. Daxildəki məsələlər üçün aidiyyatı qurumlar, yerli və mərkəzi icra hakimiyyəti orqanları, Nazirlər Kabineti var. Bu qurumlar yalnız problem baş verəndən sonra onun həllinə çalışmamalıdırlar. Problemin baş verməməsi üçün mütəmadi şəkildə vətəndaşlarla işləməlidirlər. Bəzən məmurlara müraciət edirik, aylarla cavab ala bilmirik. Vətəndaşın problemini qabardırıq, qarşılığında isə standart, şablon cavablar alırıq. Təbii ki, bu da vətəndaşı qane etmir. Çox danışdıqda, məsələni qabartdıqda hətta bizim özümüzə qarşı da təhdidlər olur. Bu, heç də yaxşı hal deyil. Bu günə qədər saysız-hesabsız məmurun cəzalanmasının, həbsinin şahidi olmuşuq. Məmurlar isə bundan yenə də nəticə çıxarmırlar. Öz vəzifələrinin toxunulmaz olduğunu düşünürlər. Oturduqları masanın, “kreslo”nun sanki şəxsi mülkələri olduğu qənaətinə gəlirlər. Məmurun vəzifəsi ilk növbədə gecə-gündüz vətəndaşla ünsiyyətdə olmaq, onun dərdini, problemini dinləmək və bu problemə çıxış yolu tapmaqdır. Ümid edirəm ki, cənab Prezidentin sonuncu xəbərdarlığından sonra bütün məmurlar doğru-düzgün nəticə çıxaracaqlar, vətəndaş qəbullarını yalnız “qəbul keçirdim” demək xatirinə etməyəcəklər. Nazirlərin rayonlarda qəbulları olur. Bu qəbullar ədalətli keçirilməlidir. Bütün vətəndaşlar qəbullara buraxılmalıdır. O cümlədən icra hakimiyyətlərinin qəbulları. Bu qəbullar da bəzən şəkil çəkdirmək üçün keçirilir, amma vətəndaşların problemi həll edilmir. Yaxud problemli vətəndaşlar ümumiyyətlə qəbullara buraxılmır. Ümid edirəm, cənab Prezidentin xəbərdarlığından sonra vətəndaşlarla işin keyfiyyəti artırılacaq, yerli və xarici sahibkarlar arasında heç bir fərq qoyulmayacaq, Azərbaycan qanunlarının həmişə ali olduğu əsas tutulacaq, ikili standartlardan əl çəkiləcək", - deputat qeyd edib.
pravda.az