Siyasət 9 Dekabr 2023, 11:50 | Baxış sayı: 179
“Bəzi konqresmen və senatorlar erməni lobbisi və xalqı qarşısında xal qazanmaq istəyirlər”

Amerika Birləşmiş Ştatlarının Konqresində 50 nəfər konqresmen və 10 nəfər senator anti-Azərbaycan fəaliyyətini bu gün də davam etdirməkdədir. Onlar Nümayəndələr Palatasının spikerinə, orada azlıqda olan demokratların liderinə, eyni zamanda Senatda olan respublikaçıların və azlıqda olan demokratların liderlərinə məktublar ünvanlayaraq Azərbaycana qarşı təzyiq və təhdid dili ilə danışırlar. Məqsədləri ABŞ Konqresinin Ermənistana maliyyə yardımlarını gücləndirməsidir. Ermənistan guya Azərbaycanın təcavüzünə məruz qalıb və buna görə ona daha böyük maliyyə dəstəyi ayırmaq lazımdır. Ermənistanı demokratik bir dövlət kimi təqdim edir, Azərbaycanı isə təcavüzkar kimi qələmə verirlər. Bu günə qədər Ermənistanın işğalı altında qalan 8 Azərbaycan kəndini də erməni kəndləri kimi təqdim edir və guya Azərbaycanın bu erməni kəndlərini geri qaytarması üçün təcavüzə hazırlaşması barədə dezinformasiyalar yayırlar”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. O qeyd edib ki, məktubda guya Ermənistanın Rusiya ilə münasibətlərinin gərgin olduğu və qərbyönümlü siyasət həyata keçirdiyinə görə daha böyük təzyiqlər gördüyü və təhlükəsizliyininin təmin edilməsi üçün ABŞ-nin xüsusi səy göstərməli olduğu fikri də öz əksini tapıb:

“Bu məqsədlə əlavə olaraq 10 milyon dollar vəsaitin ayrılması təklifini irəli sürür və qeyd edirlər ki, Qarabağdan 120 minə qədər erməni qovulub, onların yaşayışı üçün də maliyyə dəstəyi göstərilməlidir. Göründüyü kimi bu konqresmen və senatorlar başdan-ayağa erməni xislətlidirlər, ermənidən daha çox erməni kimi özünü aparanlardır. ABŞ-nin regionla bağlı maraqlarını kölgə altına qoyur, ona zərbə endirir və öz şəxsi maraqları uğrunda fəaliyyət göstərirlər. 

2024-cü ilin 5 noyabr tarixində Birləşmiş Ştatlarda keçiriləcək prezident və parlament seçkiləri bir çox ermənipərəst deputatları daha da fəallaşdırıb. Onlar bu yolla erməni lobbisi və xalqı qarşısında xal qazanmaq, yenidən seçilmək istəyirlər. Bu çirkin niyyətlər fonunda öz statuslarını qoruyub saxlamağa çalışırlar. Amma bu cəhdlərin heç bir mənası yoxdur. Azərbaycan güclü dövlətdir, onun güclü lideri, ordusu və xalqı var. Ölkədə vətəndaş həmrəyliyi, möhkəm xalq-hakimiyyət birliyi hökm sürür. Bu reallıqlar fonunda amarikalı konqresmen və senatorların Ermənistan uğrundan göstərdikləri cəhdlərin heç bir nəticəsi olmayacaq. Bu cür davranışlar regiona sülh deyil, müharibə gətirir”.

demokrat.az

Xəbərlər