Plenar iclaslar, Qanun Layihələri 31 May 2022, 15:22 | Baxış sayı: 280
"Bütün xəstəliklər tibbi xidmətlər zərfinə daxil edilməlidir".

“2021-ci ilin büdcəsində səhiyyə xərcləri ilk dəfə 1,4 milyard manat təşkil edib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, bu gün icbari tibbi sığorta sahəsində uğurlarımızla bərabər problemlərimiz də qalmaqdadır: “2021-ci ilin dövlət büdcəsinin qəbulunda biz Samir müəllim qarşısında səhiyyə xərcləri ilə bağlı bir sıra məsələləri qabartmışdıq. Bu gün bu məsələlərin bir neçəsi öz həllini tapıb. Əsas problemlərdən biri klinikalarda olan tibbi avadanlıqların sıradan çıxması ilə bağlı idi. 2022-ci ildən başlayaraq bu istiqamətdə işlər görülür. İcbari tibbi sığorta ilə bağlı xidmətlər günü-gündən artır. Ancaq əhali arasında böyük tələfat verən xəstəliklər var ki, xidmətlər zərfinə daxil edilməyib. Bunlardan biri də onkoloji xəstəliklərdir. Hökmən onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Hesab edirəm ki, hər hansı bir xəstəlik icbari tibbi sığortadan kənar qala bilməz və bütün xəstəliklər xidmətlər zərfinə daxil edilməlidir. Digər tərəfdən, yüksək maliyyə tutumlu əməliyyatlar həyata keçirilir, amma icbari tibbi sığorta çərçivəsində növbələr var. Bu problem də həllini tapmalıdır”.

Xəbərlər