Cəmiyyət 6 Aprel 2022, 13:21 | Baxış sayı: 186
"Buça şəhərində soyqırım həyata keçirdiyi təkzibedilməz faktlarla əsaslandırılarsa, Rusiyaya qarşı geniş beynəlxalq qınaq yaranar".

"Buça şəhəri azad edildikdən sonra Ukraynanın informasiya mənbələri Rusiya silahlı qüvvələrinin həmin şəhərdə qətliam törətdiyi ilə bağlı geniş reportajlar hazırladı, beynəlxalq ictimaiyyəti bu haqda məlumatlandırdı. Həmçinin, şəhərdə uşaqlar, qadınlar və qocalara qarşı təcavüz aktlarının baş verdiyini nümayiş etdirdi. Bunun qarşılığında isə Rusiya həmin kadrları səhnələşdirilmiş ssenari adlandırdı. Rusiyanın açıqlamalarına görə, Ukraynanın Buçada qətliamın baş verməsi ilə bağlı kadrları feykdir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, istənilən müharibə şəraitində tərəflərin informasiya müharibəsi aparması həqiqətdir: "Belə olan halda, Buça haqqında ən düzgün informasiyanı beynəlxalq tədqiqatlar nəticəsində əldə etmək olar. Hadisə yerindən təkzibedilməz dəlil və sübutların tapılıb aktlaşdırılması əsl mənzərəni ortaya qoyacaq. İndilik isə hər iki tərəf öz mövqeyini qoruyur. Ukrayna kütləvi informasiya vasitələri qətliamın törədildiyinə dair materiallar yayımlasalar da, Rusiya təkzib edir. Ona görə də bir müddət sonra Buça şəhəri ilə bağlı məsələlər daha da aydınlaşar və hadisəyə qiymət vermək asanlaşar. Hər halda, Rusiya ordusunun Buça şəhərində, doğrudan da, soyqırım həyata keçirdiyi təkzibedilməz faktlarla əsaslandırılarsa, Rusiyaya qarşı geniş beynəlxalq qınaq yaranar. Nəticədə, Rusiya əleyhinə tətbiq edilən sanksiyalar dərinləşə bilər. Belə olan halda, Rusiya beynəlxalq aləmdən tam təcrid olunar".

Xəbərlər