Siyasət 22 Noyabr 2022, 11:43 | Baxış sayı: 144
“Bu siyasət türk ölkələrinin, o cümlədən Qazaxıstanın milli və təhlükəsizlik maraqlarına uyğundur”

“Qazaxıstanda 20 noyabr tarixində keçirilən prezident seçkisində cənab Kasım-Jomart Tokayev qələbə qazanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Kasım-Jomart Tokayevi ilk təbrik edənlərdən olub. Bu təbiidir, iki qardaş dövlət arasında sıx əlaqələr mövcuddur. Azərbaycan dövlət başçısı Kasım-Jomart Tokayevə  Qazaxıstanın inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində, o cümlədən aparılan islahatların həyata keçirilməsi işində yeni uğurlar arzulayıb. Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Cənab Tokayev son açıqlamasında Qazaxıstanın geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasəti davam etdirəcəyini vurğulayıb. Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq cənab Tokayevin müstəqil xarici siyasətini, o cümlədən Azərbaycanla əməkdaşlığa və türk dünyasının inteqrasiyasına verdiyi dəstəyi yüksək qiymətləndiririk”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev qeyd edib ki, bu siyasət bütün türk ölkələrinin, o cümlədən Qazaxıstanın milli və təhlükəsizlik maraqlarına uyğundur: “Türk dövlətlərinin inteqrasiyası qonşu ölkələrə qarşı yönəlməyib, əsas hədəf əməkdaşlığın genişləndirilməsi və ortaq layihələrin reallaşmasıdır. Bunu anlamayanlar və ya anlamaq istəməyənlər bizə mane ola bilməyəcəklər. Kasım-Jomart Tokayev prezidentliyi dönəmində Astananın Ankara və Bakı ilə əlaqələri intensivləşib, qarşılıqlı səfərlər və ortaq layihələr Qazaxıstanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına şərait yaradıb. Cənab Tokayevin prezidentliyi dönəmində bu siyasətin davam edəcəyinə əminik”.

Xəbərlər