Cəmiyyət 18 Noyabr 2021, 16:33 | Baxış sayı: 276
"Bu saat bizim dərdimiz-sərimiz var".

Bu gün sosial şəbəkələrdə kirayə qaldıqları iddia edilən deputatların siyahısı paylaşılıb. Modern.az həmin deputatlardan müsahibə alıb:

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyev bildirib ki, bu haqda bütün detalları Milli Məclisin mətbuat xidmətindən əldə edə bilərik.
“Bu haqda danışmaq istəmirəm. Bu saat bizim dərdimiz-sərimiz var. Danışmağa ehtiyac yoxdur. Bu heç gündəm olası məsələ deyil. Yalandan gündəm yaradıblar”.
 

7 saylı Ordubad-Culfa seçki dairəsinin deputatı Cəbi Quliyev isə xəbəri təsdiqləyərək, Bakıda evinin olmadığını deyib. O bildirib ki, hazırda kirayəpulu alır:
“Milli Məclis tərəfindən verilən kirayəpulunu alıram. Bakı və ətraf ərazilərdə heç bir obyektim, maşınım yoxdur. Dəqiqləşdirmək istəyirlərsə, buyursunlar. Amma başqaları ilə bağlı məlumatım yoxdur”. 


96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədovun özü ilə danışa bilməsək də, köməkçisi zəngimizə cavab verdi. Bildirdi ki, deputata Milli Məclis tərəfindən kirayə ilə bağlı heç bir ödəniş ödənilmir. Köməkçisi Anar Məmmədovun özünün hazırda Goranboyda yaşadığını bildirib.
 

50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib ki, nəinki Bakıda, ümumiyyətlə Azərbaycanda onun adına heç bir mülk yoxdur. 
 

6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva:
“Mən indi ölkədən kənardayam. Haqqımda nə yazıldığından xəbərsizəm. Milli Məclisin bu yaxınlarda keçirilən ssesiyasında mənim əvəzimə Sahibə xanım sözünü dedi. Bu gün biz nə vəziyyətdəyik? Bu gün bizim qaçqın və köçkünlərimiz var. Onlara əsas ev, yurd, yuva lazımdır.
Bir vətəndaş, deputat olaraq ssessiyalarda iştirak etmək, Bakıya gedib-gəlmək mənim borcumdur. Azərbaycanda evim var, Naxçıvanda yaşayıram. Naxçıvan Azərbaycandan heç də ayrı deyil. Başqa ölkədə yaşamıram ki? Mən Sahibə xanımın fikirləri ilə tam razıyam”. 

Xəbərlər