"Bu ölkədə böyük əksəriyyət media mənsubu, jurnalist hələ deputatın fəaliyyət istiqaməti barədə oturuşmuş düşüncəyə malik deyil".
“Əgər ölkədə bir partiya sədri, ali təhsilli ziyalı, hətta professor hələ parlament fəaliyyətinin konturlarını bilmirsə, deputatla bələdiyyə sədri, yaxud, kənd icra nümayəndəsinin səlahiyyətlərini qarışdırırsa, sadə vətəndaşı deputatla bağlı gözləntilərinin yalnış olmasında qınamamalıyıq…”
"Milli Məclisin istər yaz, istər növbədənkənar sessiyası qanunyaradıcılığı baxımından çox məhsuldar oldu. Əhəmiyyətli, cəmiyyətin həyatına bilavasitə təsir göstərən mühim qanunlar qəbul edildi. Habelə, parlamentin beynəlxalq fəaliyyəti kifayət qədər uğurlu oldu".
Bunu Etikxeber.az-a müsahibəsində millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin (MM) yaz və növbədənkənar sessiyalarının yekunlarına, cəmiyyətdə parlament və parlamentarilərlə bağlı hələ də narazılıqların davam etməsinə, daha çox onların hədəf götürülməsinə münsibətini bildirərkən deyib.
“Bilirsiniz, bir təsisatın fəaliyyətindən narazılıq etmək üçün həmin təsisatın fəaliyyət məqsədlərini başa düşmək, aidiyyatı tələblər fonunda qiymətləndirmək lazımdır. Təəssüf ki, parlamentin fəaliyyəti qiymətləndirilərkən bu meyar nəzərə alınmır. Deputata ən səlahiyyətli, dövlətin bütün strukturlarına tapşırıq vermək imkanına malik şəxs kimi yanaşılır, bütün problemlərin baiskarı kimi baxılır”-deyən millət vəkilinin sözlərinə görə, bu mənada problemi yaradan qurum qalır kənarda, günahkar parlament olur.
“Kiməsə əmr, göstəriş, tapşırıq vermək səlahiyyətimiz yoxdur…”
“Məsələn, Şəhid atası digər oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istəyir, müaciət edirik, cavab gəlir ki, vakant yer yoxdur, bu zaman vətəndaş nazirlikdən yox, bizdən narazı qalır ki, oğlumu işə düzəltmədin. Jurnalist də ya savadsızlıqdan, ya da sensasiya xətrinə yazır ki, deputat Səhid atasının xahişinə əməl etmədi. Bax, budur durum.
Əgər ölkədə bir partiya sədri, ali təhsilli ziyalı, hətta professor hələ parlament fəaliyyətinin konturlarını bilmirsə, deputatla bələdiyyə sədri, yaxud, kənd icra nümayəndəsinin səlahiyyətlərini qarışdırırsa, sadə vətəndaşı deputatla bağlı gözləntilərinin yalnış olmasında qınamamalıyıq. Bu ölkədə böyük əksəriyyət media mənsubu, jurnalist hələ deputatın fəaliyyət istiqaməti barədə oturuşmuş düşüncəyə malik deyil.
Başa düşməliyik, deputatın fəaliyyəti qanun yaradıcılığıdır, qanun qəbul edilərkən o təmsil etdiyi insanların mövqeyini qəbul olunan qanun layihəsinə münasibətdə ifadə edir. Məsələn, Mülki Prosessual Məcəlləyə dəyişiklik edirik, mən şəxsən hesab edirəm ki, bu qanunun qəbulu seçicimin maraqlarına cavab verir və səs verirəm. Yəni, deputatın rolu budur. Qanun qəbulunda seçicinin adından mövqe ifadə etmək.
O ki qaldı bahalaşma, ucuzlaşma məsələsinə, parlament və deputat bu prosesdən tam uzaqdır, biz yalnız Taarif Şurası qərarı elan etdikdən sonra, hamı ilə bərabər məsələdən hali oluruq. Ən maksimumu iclasda bunu tənqid edə bilərik. Təbii ki, ölkənin siyasi gündəmi, vətəndaşın qarşılaşdığı problemlərə də vətəndaşın yanaşmasını ifadə edirik.
Məsələn, bilirsiniz ki, növbədənkənar sessiyanın son iclasında mən ucuz narkotik vasitələrlə bağlı məsələni gündəmə gətirdim, artıq bütün ölkə bu barədə danışır, lakin bundan irəli gedə biləcək bir səlahiyyət və imkanımız yoxdur. Yaxud, hazırda Biləsuvarda ciddi su çatışmazlığı var, edə biləcəyim yeganə şey problemi ictimailəşdirmək və dövlət orqanlarına müraciət etməkdir, kiməsə əmr, göstəriş, tapşırıq vermək səlahiyyətimiz yoxdur.
Yəni, deputatın fəaliyyətinə bu aspektdən yanaşmalıyıq. O ki qaldı parlamentin nüfuzu məsələsinə, şəxsən mən qəbul formasından asılı olmayaraq, yüzlərlə müraciət alıram, vətəndaş inanmasa, edimad etməsə, deputata, parlamentə ümid yeri kimi baxmaz”-deyə, B. Məhərrəmov sözlərinə əlavə edib.