KOMİTƏ İCLASLARI 13 Sentyabr 2021, 20:10 | Baxış sayı: 337
"Bu gün Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib".

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.

"Report"un xəbərinə görə, komitə sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi iclasda ilk olaraq Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat müzakirə olunub.

Ə.Əmiraslanov bildirib ki, hesabat müddətində komitənin 13 iclası keçirilib, həmin iclaslarda 24 məsələyə baxılıb və oxunuşlardan keçən 12 qanun layihəsinin hamısı Milli Məclisin plenar iclasında qəbul edilib.

Hesabat dövründə komitəyə daxil olan 150-yə yaxın ərizə və şikayət araşdırılıb, müvafiq tədbirlər görülüb. Bundan əlavə, hesabat dövründə komitədə koronavirus infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə geniş tərkibli dinləmə keçirilib.

Gündəlikdəki ikinci məsələ olan Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, həmçinin “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sonra komitədə birinci oxunuşda təqdim olunan iki qanun layihəsinə baxılıb. Bildirilib ki, komitənin müzakirəsinə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb. Komitə sədri qeyd edib ki, qanunun 10-cu maddəsinə edilən əlavəyə əsasən, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə səhiyyədə icbari tibbi sığortanın tətbiqinin maliyyə dayanıqlığının təminatı və icbari tibbi sığorta haqlarının müəyyən məsələləri ilə bağlı hazırlanıb.

İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamilə Əliyeva, Soltan Məmmədov çıxış edərək gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Deputatlar hər iki qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Onlayn iclasda deputatlar Kəmaləddin Qafarov, Ülvi Quliyev, Müşfiq Məmmədli, Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.

Xəbərlər