Plenar iclaslar 14 Noyabr 2023, 13:38 | Baxış sayı: 157
"Bu gün Fransa və digər ölkələr Ermənistanı silahlandırır"

Bu gün Fransa və digər ölkələr Ermənistanı silahlandırır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, müdafiə və milli təhlükəsizlik xərclərini artırılması hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi baxımından çox vacibdir: “Çünki Ermənistanı bu gün Fransa və digər ölkələr silahlandırır”.

Hikmət Babaoğlu bildirib ki, indi Qərbi Azərbaycana qayıdış müzakirə olunduğu bir vaxtda tariximizi öyrənmək aktuallaşır: “Biz bu gün tariximizi orijinal mənbədən oxumuruq. Sovet ideologiyasının təsiri altında tarixdə bizlə bağlı olan hissələr dəyişdirilib, çıxarılıb. Bizlə bağlı olan tarixi mənbələri biz orijinal dildən tərcümə edən kadrlar hazırlamalıyıq. Belə olmasa biz tariximizi öyrənə bilməyəcəyik. Sistemli şəkildə ermənilər bizim tariximizi, xüsusilə xristian dövrünü təhrif edirlər. Bu faktdır ki, bizim ulu babalarımız xristianlığı qəbul ediblər. Həmin dövr bizdə tədqiq olunmayıb, o dövrün dili tədqiq olunmayıb, o dövrün abidələrinin üzərini oxuyan mütəxəssis bizdə yoxdur. Nəyə görə? Bəs onda cənab Prezidentin ayırdığı bu pullar niyə ayrılır və nəyə xərclənir?”.

Hikmət Babaoğlu bildirib ki, belə getsə, gələcəkdə Azərbaycanı idarə edəcək kadrlar Azərbaycanın tarixini, dilini, milli mədəniyyətini bilməyən ingilis dillilər olacaq: “Bu gün təhsilə də kifayət qədər vəsait ayrılır. Burada da hesabatlılıq olmalıdır. Şagirdlər dərsə girmir, gedir dil öyrənməyə. Milli aristokratiyanın yetişdirilməsi problemi var. Sadəcə, dil bilən şəxslərin ibarət biz milli aristokratiya yetişdirə bilərikmi? Məncə, yox”. APA

Xəbərlər