Siyasət 14 Dekabr 2023, 15:23 | Baxış sayı: 263
"Bu gün beynəlxalq aləmdə Azərbaycan böyük nüfuza malikdir"

Prezident cənab İlham Əliyev Vətən müharibəsi dövründə demək olar ki, hər gün dünyanın nüfuzlu  KİV-lərinə müsahibələr verirdi, dünya ictimaiyyətinə Ermənistanın təcavüzkar dövlət olduğu, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda işğalçıya qarşı müharibə apardığı haqda məlumat verirdi. Siyasi və hərbi sahələrdə olduğu kimi informasiya sferasında da Prezident cənab İlham Əliyev  Ermənistanı acı məğlubiyyətə uğratmışdır. Vətən müharibəsində qələbəmizlə Azərbaycan regionda yeni reallıqlar yaratdı. Dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu anladı. Bəzi Qərb dövlətləri, xüsusən Fransa və Avropa Parlamenti Azərbaycanın qələbəsini, müstəqil siyasət həyata keçirməsini, güclənməsini qəbul edə bilmir. Bütün vasitələrlə, o cümlədən, nəzarətlərində olan kütləvi informasiya vasitələrində Azərbaycana qarşı ittihamlar irəli sürürlər, ölkəmizin dünyada qazandığı nüfuza xələl gətirməyə çalışırlar.

Prezident cənab İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Azərbaycan iqtisadiyyatının sürətli və dayanıqlı inkişafı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkəmizin sülh təşəbbüskarı olması barədə beynəlxalq ictimaiyyətə məlumat verdi. 

Azərbaycan iqtisadiyyatı dünyada iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər arasında ön yerlərdə gedir. İqtisadiyyatımızda qeyri-neft qaz sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Son 20 ildə ölkəmizə 300 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur ki, onun da 200 milyard ABŞ dolları qeyri-neft qaz sektorunun payına düşmüşdür. Azərbaycanda son 20 ildə ÜDM dörd dəfədən çox artmışdır ki, bu da dünya ölkələri arasında ən yüksək göstəricilərdəndir. Ölkəmizin strateji planlarında gələcək illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici sərmayələrin qoyuluşu əsas yerlərdən birini tutur. 

İqtisadi artımımız böyük imkanlar yaradır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına kifayət qədər vəsait ayıraq. Bu ərazilərimizdə sürətli şəkildə aparılan yenidənqurmanın nəticəsidir ki, artıq minlərlə soydaşımız öz doğma evlərinə dönüblər. İnsanlarımızın burada rahat yaşamaları və işlə təmin olunmaları üçün bütün şərait yaradılmışdır. 2026-cı ilin sonuna 140 min soydaşımızın öz yurd yerlərində məskunlaşdırılması planlaşdırılmışdır. Bütün bu işləri Azərbaycan dövlətinin öz hesabına həyata keçirməsi ölkəmizin iqtisadi cəhətdən güclü bir dövlət olmasının nümunəsidir. 

Ölkəmizdə enerji istehsalı sahəsində də böyük layihələr icra edilmişdir. Azərbaycan təbii ehtiyatlar baxımından böyük potensiala malikdir. Bu gün Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Bununla yanaşı ölkəmizdə bərpa olunan enerji istehsalı istiqamətində də böyük layihələr icra edilib və bu işlər davam etdirilir. Ötən ay regionun ən böyük və xarici investorlar tərəfindən tam maliyələşdirilən günəş elektrik stansiyasının açılışı oldu. Yaxın vaxtlarda Azərbaycandan Avropaya yaşıl enerji də nəql olunacaq. Artıq üç ildir  Azərbaycandan Avropaya  Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac edilir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya təbii qaz verilir. Yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Ölkəmizdə şaxələnmiş böyük nəqliyyat loqistika infrastrukturu yaradılmışdır.  Azərbaycandan keçməklə bu nəqliyyat marşrutlarından yükdaşımaların həcmi hər il artır. Bu ölkəmizin qeosiyasi əhəmiyyətini də artırır.

Azərbaycan hər zaman müstəqil daxili və xarici siyasət həyata keçirib. Bu siyasət xalqımızın milli maraqlarına  xidmət etməklə yanaşı beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda ölkəmizdə siyasi sabitlik hökm sürür. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Xalqımız öz Prezidentinə inanır, etibar edir və onun ətrafında sıx birləşib. 

Bu gün beynəlxalq aləmdə Azərbaycan böyük nüfuza malikdir. Azərbaycan dördüncü ildir dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu, təşkilata üzv dövlətlərin Azərbaycana olan böyük inam və etibarının nümunəsidir. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə dünyada böyük nüfuz qazanmış bir təşkilata çevrilmişdir. Ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatların ən fəal, eləcə də onların fəaliyyətlərinin genişlənməsinə və inkişafına töhfə verən dövlətdir. 

Azərbaycan regionla yanaşı dünyada sülhün, ədalətin bərpa olunmasına yönəlmiş siyasət həyata keçirir. Ölkəmiz regionda sülhün bərqərar olunması üçün Ermənistanla münasibətlərin normallaşdırılmasına, xalqların bir yerdə dostluq şəraitində yaşamaları üçün səy göstərir. Prezident cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağı öz istəyi ilə tərk edən ermənilər qayıdıb Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəsələr Azərbaycan Konstitusiyasına uyğun onların bütün hüquqları qorunacaq. Eyni zamanda 1988-ci ildə Ermənistandan deportasiya olunmuş azərbaycanlılar da öz tarixi torpaqlarına geri dönməlidirlər. Bu insanlar öz doğma torpaqlarına qayıtmaq arzusundadır. Azərbaycan və Ermənistan dövlətləri arasında ikitərəfli danışıqların aparılması və xalqların qarşılıqlı inteqrasiyası sülhə aparan ən asan yoldur.

demokrat.az

Xəbərlər