Plenar iclaslar 2 Oktyabr 2023, 15:19 | Baxış sayı: 189
"Bu gün 300 mindən çox qərbi azərbaycanlı əzəli yurduna qayıdacağı günü gözləyir"

"Bu gün hamımız qərbi azərbaycanlıyıq və 300 mindən çox qərbi azərbaycanlı əzəli yurduna qayıdacağı günü gözləyir".

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

Deputat xatırladıb ki, son bir əsrdə Azərbaycanda dövlət idarəçiliyində iki böyük səhv buraxılıb: "Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvanın Ermənistana güzəşt olunması. İkincisi Qarabağ və Şərqi Zəngəzurun AXC-Müsavatın xəyanətinə qurban getməsi. Hər iki halda da real vəziyyəti anlaya bilən şəxslərə parlamentdə söz haqqı tanınmayıb. 1918-ci ildə ərazilərin Ermənistana verilməsinə qarşı çıxan İrəvandan olan deputatlar Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəylinin etirazlarına qulaq asmayanlar, 1991-ci ildə isə Heydər Əliyevə bu parlamentdə çıxış etməyə imkan verməyənlər çox rahatlıqla İrəvan, Şərqi Zəngəzur və Qarabağı cılız niyyətlərə qurban verdilər. Bu, açıq siyasi deqredasiya idi".

"Biz sabah Ulu Öndərin xalqın təkidi ilə qayıdaraq prezident seçilməsinin 30-cu ildönümünü qeyd edəcəyik. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi deqradasiya prosesinə “Dur!” deyildi. Sözün əsl mənasında, müasir dövlət quruculuğu başladı. Bu gün Heydər Əliyev yolunun layiqli siyasi və hüquqi varisi İlham Əliyev artıq XX əsrdə tariximizdəki iki ləkədən birinin, AXC-Müsavat xəyanətkar cütlüyünün bu xalqa vurduğu zərbələrin və buraxdığı səhvlərin nəticələrini aradan qaldırıb. Artıq Qarbağ və Şərqi Zəngəzur azaddır. Az qala bütün dünyaya rəğmən, İlham Əliyev Xankəndidə Azərbaycan konstitusiya quruluşunu bərpa edib", - deputat bildirib.

B.Məhərrəmov qeyd edib ki, Azərbaycanı Yevlaxa qədər işğalla hədələyənlər, bu gün Yevlaxda İlham Əliyevin mərhəmətinə sığınıb: "Azərbaycan insanının qanına batmış əllər bu gün qandallı şəkildə Azərbaycan hüquq sisteminin ədalətindən pay dilənir. Bu, ilk növbədə, Heydər Əliyevin siyasi kursunun - şəxsən İlham Əliyevin qələbəsidir. Bunu uca səslə deməkdən çəkinməməliyik. Çünki nəinki cəmi 23 saata, heç bundan sonra 23 ilə də Xankəndidə üçrəngli bayrağımızı ucaldacaq nə ikinci bir iradə, nə də ikinci bir güc var. Hazırda dünyada separatizmlə mübarizədə ikinci belə uğurlu və effektiv nümunə yoxdur. Amma dünənə qədər Xankəndi davası edən ünsürlər, o ünsürlər ki, onların adını bu uca parlamentdə çəkmək qəbahət olar, o ünsürlər ki, bu gün İlham Əliyev məhz onların səbəb olduğu faciələrin nəticələrini aradan qaldırıb, hələ də reallığı qəbul etmək istəmirlər. Bu da çox normaldır, çünki milli məsələni dərk etmək üçün ilk növbədə bu hissi daşımaq lazımdır".

Milli Məclisin üzvü vurğulayıb ki, artıq yeni eraya qədəm qoyulub: "Qarşımızda cümhuriyyət dövrünün səhvlərinin aradan qaldırılması vəzifəsi dayanır. Bu gün hamımız qərbi azərbaycanlıyıq və 300 mindən çox qərbi azərbaycanlı əzəli yurduna qayıdacağı günü gözləyir. Bizim heç kimə ərazi iddiamız yoxdur, eyni zamanda tarixi haqlarımızdan, evimizə dönmək hüququmuzdan vaz keçmək niyyətində də deyilik. Amma qan-qadasız, dinc yolla. Çünki regionun artıq dinc birgəyaşayışa ehtiyacı var".

report.az

Xəbərlər