Siyasət 15 Yanvar 2024, 18:37 | Baxış sayı: 177
"Bu dəfəki Prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edir"

Prezident cənab İlham Əliyev yanvarın 10-da Azərbaycan telekanallarının müxbirlərinin bütün sahələri əhatə edən suallarını 3 saata yaxın vaxtda çox ətraflı və açıq şəkildə cavablandırdı.

Ölkə başçımız çıxışında Azərbaycan vətəndaşlarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirməklə öz münasibətini bildirdi, eləcə də Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən və ölkəmizə qarşı təxribat və qərəzli mövqe tutan dövlətlərə, xüsusən Ermənistan və ona havadarlıq edən Fransaya önəmli mesajlar ünvanladı.
2003-cü ildə Azərbaycan xalqı ölkəmizin gələcək inkişafı, müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsi üçün düzgün seçim edərək cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bununla da Azərbaycan xalqı ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə səs verdi. Son 20 ildə Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi və iqtisadi siyasətini inkişaf etdirərək Azərbaycanı dünyada güclü ölkələr sırasına yüksəltdi. Ölkə başçımızın 20 il ərzində həyata keçirdiyi siyasəti Azərbaycan dövlətini 20 sentyabr gələbəsinə,  suverenliyimizin tam bərpa olunmasına apardı. Məhz sentyabrın 20-dən sonra müasir tariximizin yeni dövrü başlamışdır. 

İkili standartların hökm sürdüyü, beynəlxalq hüququn işləmədiyi müasir dünyada güclü dövlət yaratmaq və inkişaf etdirmək asan olmur. Böyük, güclü dövlətlər buna imkan vermir. Prezident cənab İlham Əliyevin qətiyyətli və güclü siyasi iradəsi, diplomatik bacarığı, müdrik siyasəti nəticəsində Azərbaycan güdrətli dövlətə çevrildi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı dünyanın güclü ordular sırasında yer alan Azərbaycan Ordusu işğaldan azad etdi. 2023-cü ilin aprelin 23-də Laçın sərhəd- buraxılış məntəqəsinin yaradılması, sentyabrın 19-da həyata keçirilmiş antiterror tədbirlərinin uğurla başa çatdırılması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Xocalıda Azərbaycan bayrağının ucaldılması, şəhidlərimizin, Xocalı qurbanlarının qisasının alındığı gün oldu. Prezident cənab İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını dalğalandırması Zəfərimizin son nöqtəsi idi. 

Ölkə başçımız müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlər barədə də məlumat verdi. 
Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra  ölkə başçımız sülh müqaviləsinin bağlanması üçün beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipindən ibarət  Ermənistan rəhbərliyinə məktub ünvanladı. Ermənistan rəhbərliyi əsassız bəhanələr gətirərək sülh sazişinin imzalanmasına maneələr törədir. Qərbdəki bəzi dövlətlərin, xüsusən də Fransanın təsiri altında olan Paşinyan özündə cürət tapıb sərbəst siyasət yürüdə bilmir  və bu vəziyyət bu gün də davam edir. Ölkə başçımız dəfələrlə bəyan etmişdir ki, sülh müqaviləsinin bağlanması istiqamətində danışıqların iki ölkə arasında aparılması sülhün yaranmasını tezləşdirə bilər. 

Sərhədlərin delimitasiyası prosesində də və iki ölkə arasında nəqliyyatın, kommunikasiyaların açılmasında da Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Artıq 3 ildir Ermənistan Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılmasına maneələr törədir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol olmaqla yanaşı Avropa ilə Asiyanı birləşdirən, iqtisadi cəhətdən ən səmərəli və qısa marşrut xəttidir. Əslində bu marşrut xətti Azərbaycandan çox Ermənistan üçün həyatı əhəmiyyətli bir marşrutdur. 

Azərbaycan İranla bu ölkənin ərazisindən keçməklə Naxçıvana dəmir və avtomobil yolunun çəkilməsi barədə razılığa gəlib, artıq bu istiqamətdə işlərə başlanılmışdır. Bu yol həm də Şimal-Cənub marşrut xəttinin inkişaf etməsinə səbəb olacaq. Ermənistan yenə də dalanda qalacaq. Ermənistan rəhbərliyi anlamalıdır ki, onların gələcəkdə siyasi və iqtisadi cəhətdən inkişaf etmələri üçün Azərbaycanla səmimi qonşuluq əlaqələri qurmalı, nəqliyyat dəhlizlərinin açılması üçün işlər görməlidir. Azərbaycanın irəli sürdüyü təkliflər beynəlxalq hüquqa əsaslanır və bölgədə sülhün, ədalətin bərpasına xidmət edir. Ermənistan rəhbərliyi isə bəzi ölkələr, xüsusən Fransanın diktəsilə hərəkət edir.
 Fransa tarix boyu müstəmləkəçilik siyasəti həyata keçirib, Afrika və Şərqi Asiya dövlətlərinə, dənizaşırı bölgədə yerləşən xalqlara qarşı talançılıq və soyqırım siyasəti yürüdüb. Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Fransa hər zaman bu dövlətə və onun işğalçılıq siyasətinə dəstək verib.

Vətən müharibəsində şanlı Qələbəmizdən sonra Fransa ölkəmizə qarşı düşmənçilik siyasətini daha da genişləndirməyə başladı. Makron administrasiyası və Fransa Senatı ölkəmizə qarşı təxribat və qərəz dolu bəyanatlar səsləndirməyə başladılar. Bəzi hallarda Azərbaycana qarşı hədələrlə  dolu bəyanatlar səsləndirirdilər. Fransa düşünürdü ki, zəif, gücsüz dövlətlərə qarşı həyata keçirdiyi bu siyasəti Azərbaycanda da həyata keçirə biləcək və öıkəmiz onların diktəsilə hərəkət edəcək. Makron anlamadı ki, qarşısındakı güdrətli Azərbaycan dövlətidir və bu dövlətin İlham Əliyev kimi güclü siyasətçisi, mahir diplomatı, beynəlxalq hüququ mükəmməl bilən milli və dövlət maraqlarını uca tutan Prezidenti var.

Fransanın nüvə silahına malik, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağına baxmayaraq Prezident cənab İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Fransanın müstəmləkəçi dövlət olmasını açıq şəkildə bütün dünyaya bəyan etmişdir. Prezident cənab İlham Əliyevdən başqa heç bir dövlət başçısı cürət edib Fransanın müstəmləkə siyasəti həyata keçirməsi barədə həqiqəti səsləndirməmişdir. BMT Təhlükəsizlik Şurasında iki dəfə Azərbaycana qarşı qətnamə qəbul edilməsinə təşəbbüs göstərən Fransa hakimiyyəti Azərbaycan qarşısında məğlubiyyətə düçar oldu. Beynəlxalq Ədalət Məhkəməsində də ölkəmizə qarşı qərarın qəbul edilməməsi Ermənistanla Fransanın növbəti məğlubiyyəti oldu.

Milli təhlükəsizlik sahəsində də Fransa Azərbaycanda bir daha rüsvay olundu. Bakıda Fransanın cəsus şəbəkəsinin aşkar edilməsi bu ölkənin Azərbaycanla yanaşı digər dövlətlərdə də təxribatlar törətmək istəkləri üzə çıxdı. 
Prezident cənab İlham Əliyev tərəfindən yaradılmış Bakı Təşəbbüs Qrupu dünyada özünü demokratiyanın beşiyi adlandıran Fransanın əsl simasını bütün dünyaya nümayiş etdirir. Təşəbbüs qrupuna üzv ölkələrdə Fransaya qarşı böyük etirazlar baş qaldırıb.

Bütün sahələrdə Azərbaycana uduzan Makron hakimiyyəti mədəni irsimizə qarşı cılız və iyrənc siyasət həyata keçirir. Fransanın Evian-le-Ben şəhərində Natavanın heykəlinə
qırmızı boya atılması və onun örtülməsi Makron hakimiyyətinin nə qədər aciz olduğununun göstəricisidir.

Müharibə bitdikdən sonra Prezident cənab İlham Əliyevin tapşırığına əsasən "Böyük Qayıdış" konsepsiyası hazırlandı. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və yenidənqurma işlərinə başlanıldı. Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Bütün şəhər və kəndlərimiz Baş Plana əsasən qurulur. Soydaşlarımızın bir qismi öz doğma ocaqlarına qayıdıblar. Laçın şəhərində, Zabux kəndində, Füzuli şəhərində, Cəbrayıl rayonunda soydaşlarımız onlar üçün inşa edilmiş geniş evlərdə məskunlaşıblar. Soydaşlarımızın işlə təmin edilməsi üçün işlər görülüb və davam etdirilir. Prezident cənab İlham Əliyev fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair öz fikirlərini söylədi.

Bu dəfəki Prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın bütün ərazisində keçiriləcək. Digər tərəfdən artıq torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Artıq yeni inkişaf mərhələsinə, yeni hədəflərə doğru irəliləmək zamanıdır. Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyur və hər birimiz ölkəmizin gələcəkdə daha güclü dövlətə çevrilməsi və nüfuzunun artması üçün çalışmalıyıq.

Xəbərlər