"Bu dəfə dəmir iradə öz sözünü dedi"
Prezident İlham Əliyevin siyasi zəkası, sərgilədiyi dəmir iradə və həyata keçirdiyi ağıllı diplomatiya öz bəhrəsini verdi. Ermənistanın və Qarabağ separatçılarının müqaviməti qırıldı və nəhayət, Ağdam-Xankəndi yolu bu gündən etibarən açılaraq fəaliyyətə başladı. Artıq, səhər saatlarında RQXK məxsus ilk tır Xankəndinə daxil olub və əminəm ki, bunun davamı olacaq.
Bu çox ciddi uğurdu və bundan sonra bir çox məsələlər Azərbaycanın müəyyən etdiyi strateji xətt üzrə dəyişəcək:
1) Xankəndinə gedən vacib kommunikasiya və təchizat xəttlərinin ölkə üzrə mərkəzləşdirilmiş şəbəkəyə mərhələli şəkildə qoşulması və real reinteqrasiya prosesinə başlanması üçün praktiki addımlar atılacaq. Düşünürəm ki, ilk addımlardan biri kimi yaxın günlərdə Qarabağda qalan qanunsuz erməni silahlı dəstələrinin tərki-silah edilərək ölkəmizi tərk etməsi və separatizm elementlərinin aradan qaldırılması, o cümlədən ermənilərin təhlükəsizlik məsələlərinin müzakirəsi üçün Bakının müəyyən etdiyi yerdə və şərtlərlə etməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.
2) Ermənistanın, erməni lobbisinın və Fransa kimi ölkələrin "humanitar fəlakət", "soyqırımı" və "etnik təmizləmə" adı altında son 10 ayda ölkəmizə qarşı təşkil etdikləri qarayaxma kampaniyası "blokada" kartından məhrum olduğuna görə əhəmiyyətini və təsirini itirəcək.
3) Azərbaycanın müəyyən etdiyi 5 təməl prinsipi əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün diplomatik aktivlik artacaq və oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində keçiriləcək Liderlərin görüşündə bu istiqamətdə ciddi nəticələr əldə olunacaq.
Sonda isə xüsusilə, vurğulamaq istərdim ki, Xankəndiyə Agdamdan yolun açılması beynəlxalq təzyiqlərə və BMT TŞ-dakı təhdidlərə mətanətlə dözən, milli maraqlarımız üçün "öldü var, döndü yoxdu" deyən, diplomatik məharəti, dərin zəkası, taktiki və strateji gedişləri ilə hamını "mat" edən cənab İlham Əliyevin tarixi və möhtəşəm qələbəsidir.
Azay Quliyev
Milli Məclisin deputatı
modern.az