"Bu cinayət siyasi fiqura qarşı olan bir qəsddir"
"Fazil Mustafaya qarşı olan bu cinayəti qətiyyətlə pisləyirəm. İstintaq sözsüz ki, bütün versiyalara baxıb. Əminəm ki, o cinayəti törədən şəxs də tapılacaq və layiqli cəzasını alacaq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, sözügedən cinayət hadisəsi siyasi bir şəxsə, siyasi fiqura qarşı olan bir qəsddir:
"Amma indidən konkret hansısa versiyalar irəli sürmək düzgün deyil. Biz hərəmiz bir versiya irəli sürsək bu istintaqın işinə mane ola bilər. Nə üçün olub, necə olub, onu biz deyə bilmərik. Çünki bunları istintaq orqanı müəyyən edir. Cinayət törədən alçaqlar mütləq cəzalarına çatacaqlar.
Fazil Mustafa Milli Məclisin deputatı, eyni zamanda, partiya sədridir. Bu, siyasi bir şəxsə, siyasi fiqura qarşı olan bir qəsddir. Əlbəttə ki, biz bunu ancaq pisləyirik və Fazil Mustafaya Allahdan şəfa diləyirəm, tezliklə sağalsın və Milli Məclisə qayıtsın".