“Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi”
“Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycanın tam diplomatik qələbəsi ilə başa çatdığını deyə bilərik. Öncə onu vurğulayım ki, əgər xatırlayırsınızsa, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirmişdi ki, Brüssel formatından imtina edir. Amma onun bu cəhdi uğursuzluqla nəticələndi və qalib tərəfin diktəsi ilə öz mövqeyindən geri çəkilərək Brüsselə getməyə məcbur oldu”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Həmçinin Ermənistan keçiriləcək növbəti görüşdə Fransanın da iştirakını israrla tələb edirdi. Son görüş təsdiq etdi ki, Azərbaycan pozucu mövqe tutan, sülhə gedən yolu əngəlləməyə çalışan Fransanı masa arxasına buraxmadı, rəsmi Paris prosesi elə öz ölkəsindən izləməli oldu və niyyəti gözündə qaldı. Təbii ki, Fransanın məqsədi bəllidir, dəfələrlə sərgilədiyi yanaşmaları ilə münasibətləri gərginləşdirməyə çalışır.
Elə hesab edir ki, dünyada güc sahibidir, Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarına malikdir. Amma unudur ki, Azərbaycan regionun lideridir, qalib ölkədir və aparılan danışıqlarda əsas söz sahibidir. Həmçinin Emmanuel Makronun əhəmiyyətsiz daxili və xarici siyasəti, o cümlədən öz ölkəsində həyata keçirmək istədiyi islahatlar, bunun da xalqın maraqlarına cavab verməməsi və etirazlara səbəb olması Fransanın həm Avropa İttifaqı daxilində, həm də dünyada nüfuzunun, demək olar ki, tamamilə itirilməsinə gətirib çıxarıb. Belə məqamda Fransanın bu görüşdə tərəf kimi çıxış etməyə heç bir haqqı yox idi və Azərbaycan da buna birmənalı şəkildə imkan vermədi”, - deyə AHİK sədri bildirib.
Onun sözlərinə görə, Brüssel görüşünün nəticələrinə dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında yer alan məqamlar Azərbaycanın maraqlarına tam cavab verir və ölkəmizin danışıqlar masasında növbəti diplomatik uğurudur:
“Delimitasiya üzrə görüşlərin davam etdirilməsində razılıq əldə olunub, həmçinin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqlik nümayiş etdirilib. Bu, bir daha onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.
Eləcə də kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası, azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əsgərlərin təhvil verilməsi, itkin düşmüş şəxslərin taleyi, minaların təmizlənməsi və digər məsələlərin müzakirəyə çıxarılması Azərbaycanın dəyişməz mövqeyini, dövlətimizin başçısı cənab İlham Əliyevin diplomatik bacarığını və siyasi iradəsini göstərir. Ermənistan tərəfi də anlamalıdır ki, Azərbaycanın bütün səyləri sülhə hesablanıb və bu, ən optimal çıxış yoludur. Artıq mənasız xəyallardan əl çəkməyin vaxtıdır, yeni reallıqları qəbul etmək lazımdır”.