Cəmiyyət 3 Mart 2022, 12:36 | Baxış sayı: 273
"Britaniya Parlamentində deputatın Azərbaycanı Rusiyaya dəstək verməkdə ittiham etməsi təəssüf və təəccüb doğurur".

“Britaniya Parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyborist deputat Marqaret Hodcun Azərbaycanı Rusiyaya dəstək verməkdə ittiham etməsi və bu baxımdan bizə qarşı sanksiyaların mümkünlüyünü dilə gətirməsi təəssüf və təəccüb doğurur”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

“Bilirsiz ki, Azərbaycan beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə sadiqdir, dəfələrlə dövlətlərin beynəlxalq hüquqla tanınan sərhədlərinin toxunulmazlığına tərəfdar olduğumuz ali səviyyədə bəyan olunub. Üstəlik, Ukraynaya dövlət səviyyəsində humanitar yardım edilib, hətta bir neçə gün öncə Ukrayna prezidenti Volodimr Zelenski Azərbaycan Prezidentinə zəng edərək yardım və dəstəyə görə təşəkkürünü bildirib. İndi Ukrayna özü Azərbaycanın sərgilədiyi mövqedən razıdırsa, xanım Hodcun rəsmi Bakının Ukraynaya münasibətdə mövqeyini təhrif etməsi nə özünə, nə partiyasına, nə də Britaniya Parlamentinə baş ucalığı gətirmir. Əksinə, deputatın bu qədər məlumatsız olması, yaxud, əgər məlumatlıdırsa, belə qərəzli davranışı onun özünü gülünc duruma salır. Bilirsiz ki, xanım Hodc 30 ilə yaxındır ki, siyasətdədir, deputatlıqdan öncə 6 dəfə beş fərqli Nazirliyə rəhbərlik edib. Açığı, bu qədər ciddi siyasi yol keçmiş bir şəxsin bilgisizlikdən belə düşüncəsiz bəyanat verdiyini düşünmürəm. Bu Bəyanatın kökündə çox güman ki, hansısa maraqlar dayanır. Xatırlayırsızsa 2008-ci ildə xanım Hodc Mədəniyyət və Turizm naziri olarkən bir qrup Britaniyalı arxeoloq o zaman işğal altında olan ərazilərimizdəki Azıx mağarasında Azərbaycandan icazəsiz qazıntı işləri aparmışdı. O zaman bizim etirazlarımızdan sonra Marqaret Hodc geriyə addım ataraq məsuliyyəti arxeoloqların üzərinə atmışdı. Sadəcə,  indi bir məqama diqqət etməliyik, Marqaret Hodc Böyük Britaniya demək deyil və bir siyasətçinin sərsəm fikirlərini Britaniya hökumətinin və Parlamentinin mövqeyi kimi qəbul və təqdim etmək olmaz” – B.Məhərrəmov qeyd edib.

Xəbərlər