"BQXK-nın itkin düşmüş şəxslərlə bağlı fəaliyyətinin nəticə verəcəyinə inam yoxdur"
Dörd minə yaxın azərbaycanlının taleyi barədə hələ də heç bir məlumatın olmaması Ermənistanın 30 ildən artıq davam edən çoxsaylı müharibə cinayətləri sırasında xüsusi yer tutur. Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən soyqırım siyasəti nəticəsində itkin düşmüş vətəndaşların taleyi həmişə Azərbaycan dövləti üçün prioritetlərdən biri olub, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb: “Ötən dövr ərzində həyata keçirilən çoxşaxəli fəaliyyətlər bizə deməyə əsas verir ki, itkin düşmüş hesab olunan soydaşlarımızdan çoxu məhz azərbaycanlı olduqları üçün Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlə çərçivəsində işgəncələrə məruz qalaraq öldürülüb və insan ləyaqətinə zidd formada davranılaraq kütləvi məzarlıqlarda basdırılıb. Ötən ilin aprelində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edərkən Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, “Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb”. Ermənistan nəinki sağ qalmaq ehtimalı çox az olan soydaşlarımızla bağlı məlumat verməkdən imtina edir, hətta itkin soydaşlarımızın kütləvi şəkildə dəfn olunduğu məzarlıqların koordinatları belə gizlədilir”.
Deputat qeyd edib ki, ilk dövrlər ermənilər, ümumiyyətlə, belə məzarlıqların mövcudluğunu israrla istisna edirdilər: “Lakin Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa həbsxanası ərazisində, Şuşanın Daşaltı, Xocavəndin Edilli, Xocalının Fərrux, Füzulinin Yuxarı Seyidəhmədli kəndləri, Kəlbəcərin bir neçə məntəqəsi və digər yaşayış məntəqələrində bu məzarlıqlar aşkarlandıqdan sonra isə Ermənistan bu dəfə onlarda koordinatların olmadığı barədə israr etməyə başladı. Təəssüf doğuran haldır ki, istər Birinci Qarabağ, istər Vətən müharibəsi dönəmində regionda humanitar missiyanı monopoliyaya çevirmiş Beynəlxalq Qırmızı Xaç Komitəsi yalnız ictimailəşən hallar üzrə müəyyən kosmetik nəticələr ortaya qoya bilsə də, faktiki olaraq erməni cinayətlərinin ört-basdır edilməsi istiqamətində fəaliyyət göstərib. Hətta Birinci Qarabağ savaşı dönəmində 50-dən artıq əsirlə görüş keçirib, onların sağ olduğu barədə rəsmi qeydlər aparmış Qırmızı Xaçın sonrakı məqsədli laqeydliyi nəticəsində sonradan həmin şəxslərin taleyi barədə hər hansı məlumat almaq mümkün olmayıbr. BQXK-nın humanitar missiyadan daha çox Ermənistanın savaş ortağı kimi çıxış etməsi Vətən müharibəsi və sonrakı dövrlərdə dəfələrlə tam ifşa edilib. Bu mənada hazırda BQXK-nın fəaliyyətinin hansısa səmərəli nəticələr verəcəyinə, yaxud itkin düşmüş şəxslərlə bağlı töhfələrinə inam yoxdur. Təbii ki, Azərbaycan dövləti də itkin soydaşlarımızın taleyini yalnız BQXK kimi siyasi oyunlara alət olan təxribatçı təsisatlara etibar etmir. Dövlətimiz tərəfindən Azərbaycanın bu sahədə texniki imkanlarının genişləndirilməsi, yeni modul laboratoriyaların qurulması, xüsusi dron uçuş aparatlarının və digər ləvazimatların alınması, mütəxəssislərin peşə qabiliyyətlərinin artırılması kimi ciddi və planlı tədbirlər görülmüş, itkin düşmüş şəxslər üzrə məlumat bazası yaradılaraq, demək olar ki, itkin düşmüş şəxslərin hamısının ailələrindən müvafiq DNT nümunələri götürülüb. Nəticədə aşkarlanan kütləvi məzarlıqlardan meyit qalıqlarının eyniləşdirilməsi prosesində artıq xeyli sayda soydaşımızın şəxsiyyəti müəyyən olunmuş və nəşin qalıqları ailələrinə təhvil verilərək layiqli formada dəfn olunub”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ifadə etdiyi kimi, itkin düşmüş şəxslər məsələsi daim dövlətimizin gündəliyindədir, bu problem Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla davamlı müzakirə olunur: “İrəvan belə müzakirələrdə, xüsusən Brüsseldə aparılan danışıqlarda bu sahədə əməkdaşlığa müsbət yanaşsa da, sonradan bir qayda olaraq sözündən yayınır. Baxmayaraq ki, Ermənistan özü anlamalıdır ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi hazırkı mürəkkəb situasiyada etimadın yaradılması və davamlı sülhün təmin edilməsi baxımından ən vacib şərtlərdən biridir. Eyni zamanda saxta iddialara vaxt ayıran, uydurma “humanitar böhran” oyunlarına meydan verən beynəlxalq təsisatlar və beynəlxalq subyektlər də artıq anlamalıdır ki, itkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün aktual deyil, bu məsələ qlobal mahiyyət daşıyır. Bu şəxslərin taleyi barədə məlumatların açıqlanması və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim olunması üçün Ermənistana müxtəlif səviyyələrdə real təzyiq göstərilməsi beynəlxalq hüququn təməl prinsiplərinin şərtidir”.
APA