Siyasət 13 Sentyabr 2023, 15:16 | Baxış sayı: 181
"Böyük ümidlərlə “seçki şousu” quran Ermənistan və havadarları elə ilk saatlardan fiaskoya uğradıldı"

Hazırkı həssas geosiyasi şəraitdə Qarabağ separatçılarının "seçki" imitasiyası regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edən və müəyyən beynəlxalq subyektlərin rəvac verdiyi təxribatların bir hissəsi idi. Lakin Vətən müharibəsində Qələbədən doğan gücümüz, artan hərbi-siyasi imkanlarımız və qlobal miqyaslı lider kimi Prezident İlham Əliyevin özünün şəxsi nüfuzu hesabına yaratdığı yeni reallıq dünya erməniliyinin bu planını alt-üst etdi. Böyük ümidlərlə "seçki şousu" quran Ermənistan və havadarları elə ilk saatlardan fiaskoya uğradıldı.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O qeyd edib ki, aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələri erməni separatçılarının Xankəndidə keçirdiyi qondarma seçkiləri rəsmən pisləyən bəyanatlar verərək belə bir subyekt tanımadıqlarını bəyan ediblər. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Xidməti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası kimi təsisatlar, Türkiyə, ABŞ, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Pakistan, Özbəkistan kimi dövlətlər ilk gündən "seçkilər"ə dair aydın və qəti mövqe ifadə edərək Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdilər. İran separatçıların “seçki” şousunu birbaşa pisləməsə də, rəsmən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan edib.

“Əlbəttə, bu mövqelər ilk baxışdan BMT Nizamnaməsinin 2-ci maddəsinin 4 və 5-ci bəndləri, habelə beynəlxalq hüququn prinsipləri ilə təsbit olunmuş dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində izah oluna bilər. Təbii ki, biz bir sıra dost dövlətlərin bu aspektə sadiq qaldığını istisna etmirik. Lakin, eyni zamanda, 30 illik işğal və təcavüz periodunda bir sıra beynəlxalq subyektlərin susması, işğal amilini görməzdən gəlməsi fonunda, nəhayət ki, bu gün beynəlxalq hüquqa istinad etmələri Azərbaycanın artan nüfuz və imkanlarının göstəricisidir. Təsəvvür edin, Azərbaycan elə bir geosiyasi formata nail oldu ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyan özü belə separatçıların yeni "seçilmiş" "prezidentini" təbrik etməkdən imtina etdi”, - deyə deputat vurğulayıb.

Bəhruz Məhərrəmovun sözlərinə görə, ümumiyyətlə, humanitar böhran şousu və anti-Azərbaycan kampaniyası şəraitində, hərbi qarşıdurma təhlükəsinin real olduğu, gərginliyin artdığı bir situasiyada Azərbaycanın separatizmə belə bir zərbə vurması xüsusi diqqət yetirilməli məqamdır. Anti-Azərbaycan dairələrin səylərinin birləşdirildiyi bir şəraitdə qalib gəlməklə Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, bu bölgədə hüququn gücü də, gücün hüququ da Azərbaycandadır və kimsə bu reallığı dəyişə bilməz.

AZƏRTAC

Xəbərlər