"BMT missiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə olmadığının şahidi olacaq"
Azərbaycan hər zaman planları və niyyətlərini beynəlxalq ictimaiyyətə açıqlayıb. Rəsmi Bakı torpaqlarımız işğal altında olduğu illərdə erməni işğalına danışıqlar yolu ilə son qoyulmayacağı təqdirdə bunu güc yolu ilə həyata keçirəcəyini də açıq şəkildə bəyan etmişdi.
Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Azər Badamov deyib ki, 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan qalib tərəf kimi Ermənistana sülh əlini uzatdı və Qarabağdakı ermənilərə cəmiyyətimizə reinteqrasiya olunaraq bayrağımız altında birgə yaşamağı təklif etdi: “Amma xarici havadarlarına arxalanan Ermənistan 3 il ərzində çirkin niyyətlərindən əl çəkməyərək torpaqlarımızda separatizmi dəstəkləməkdə davam etdi. Azərbaycan lokal xarakterli antiteror tədbirləri aparmağa məcbur oldu. Biz Qarabağda yaşayan ermənilərə vətəndaşlarımız olaraq qanunlarımız altında yaşamağı təklif etdik. Amma Ermənistan və separatçılar sadə ermənilərə təzyiq edərək kütləvi köçə məcbur etdi və onların müəyyən hissəsi ərazilərimizi tərk edərək Ermənistana köçdü. Azərbaycan polisi ərazilərimizdən könüllü çıxan erməniləri qida vasitələri ilə təmin edərək təhlükəsizliklərini qoruyur. Ermənistan isə ermənilərin torpaqlarımızdan çıxmasına siyasi don geydirərək yenə də yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.
Deputat qeyd edib ki, Azərbaycan bu gün də Qarabağda yaşayan ermənilərə mədəni, dini, təhsi, bələdiyyə və digər hüquqlarının təmin edəcəyini bildirməkdə davam edir. Amma humanizm üzərində qurulmuş çağırışlarımıza məhəl qoymayaraq ərazilərimizi tərk edən ermənilər separatçıların və Ermənistanın çirkin planlarının qurbanına çevrilirlər: “Bir məqama da diqqət çəkmək istəyirəm. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə BMT və digər beynəlxalq təşkilatlara işğal olunmuş ərazilərimizə səfərlərin vacib olduğunu bildirirdi. Amma Ermənistan özünün çirkin əməllərini ört-basdır etmək üçün beynəlxalq təşkilatların missiyalarını işğal altında saxladıqları ərazilərə buraxmırdı. Bu gün isə Azərbaycan öz suveren hüquqlarını bərpa edib, ərazilərini erməni separatizmindən təmizləyib. Ona görə də suveren ərazilərimizə BMT-nin missiyasını dəvət etdi və işğaldan azad edilmiş ərazilərdə baş verən prosesləri öz gözləri ilə görməyinə şərait yaradır. Bu gün BMT-nin missiyası artıq işğaldan azad olunmuş ərazilərdə səfərdədir. Onlar erməni vandalların dağıtdığı yaşayış məntəqələrimiz və işğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində həyata keçirilən yenidənqurma və bərpa işləri ilə yaxından tanış olacaqlar. Həm də ermənilərin ərazilərimizdə yaşamağa davam etmələri ilə bağlı Azərbaycanın humanitar və humanizm üzərində qurulmuş baxışları ilə tanış olacaqlar. BMT-nin missiyası Azərbaycanın heç nəyi gizlətmədiyini və beynəlxalq ictimaiyyət üçün açıq olduğunu bir daha görəcək. O cümlədən Ermənistanın siyasətinin beynəlxalq ictimaiyyəti aldatmaq üçün apardığı yalan və böhtan üzərində qurulduğunun şahidi olacaqlar. Beynəlxalq missiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə olmadığını və onların bütün humanitar ehtiyaclarının Azərbaycan dövləti tərəfindən həll edildiyinin şahidi olacaqlar”.
APA