“BMT İnsan Hüquqları Şurası Fransa və erməni milyarderlərin orbitinə keçib”
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi obyektivlikdən uzaq bu iddiaya cavabında bildirib ki, BMT orqanları siyasi manipulyasiya alətinə çevrilir.
BMT nümayəndələrinin diqqətinə çatdırılıb ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov açıqlamasında BMT nümayəndlərinin qərəzli iddialarına münasibət bildirib:
“İnsan Hüquqları Şurası BMT-nin əhəmiyyətli orqanlarından biridir və onun missiyası bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır”.
Deputat vurğulayıb ki, BMT-nin tam hüquqlu üzvü kimi ən azı son 31 ildə Ermənistanın işğal və təcavüz siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın çoxsaylı təbii hüquqları başda olmaqla təməl haqlarının pozulduğu şəraitdə Azərbaycan İnsan Hüquqları Şurasının hər hansı müdaxiləsinə şahidlik etməyib:
“Əksinə, Şura susmaqla çoxsaylı müharibə cinayətlərinə, sülh və insanlıq əleyhinə əməllərə, beynəlxalq insan haqları pozuntularına ortaqlıq edib. Baxmayaraq ki, ildə üç dəfə müntəzəm şəkildə keçirilən sessiyalar çərçivəsində bu məsələyə diqqət çəkə və ona həvalə edilən missiyanı yerinə yetirə bilərdi”.
Deputat qeyd edib ki, illər ərzində susqunluq və hərəkətsizlik nümayiş etdirən İnsan Hüquqları Şurasının bu gün birdən-birə “Laçın dəhlizi"nin blokadada saxlanması və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət”dən narahatlıq ifadə olunan platformaya çevrilməsi təəccüb və təəssüf doğurur:
“Yoxlanmamış, araşdırılmamış saxta təbliğat materialları əsasında UNHRC-nin (BMT İnsan Hüquqları Şurası) bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin iddialar irəli sürməsi təsadüf hesab edilə bilməz. Xüsusən bir neçə gün öncə İsveçrədən səslənən çirkin "blokada" iddialarının ardınca baş qərargahı Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları Şurasının davranışları bu təsisatın Fransanın və erməni milyarderlərin orbitinə keçdiyini göstərir. Bu mənada baş verənlərin siyasi sifariş olduğu aşkardır və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da ifadə olunduğu kimi, BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir”.
Son olaraq B.Məhərrəmov əlavə edib ki, BMT xüsusi məruzəçiləri və ekspertləri bu kimi çıxışlarla yalnız təşkilatın nüfuzunu zədələmir:
“Paralel olaraq qərəzli bəyanatlarda “Dağlıq Qarabağ” kimi ifadələr işlədilməsi ərazi bütövlüyü və suverenliyimizə hörmətsizlik olmaqla beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə ziddir. Sülhü və təhlükəsizliyi təşviq etməli, hüquq və azadlıqların aliliyi uğrunda mübarizə aparmalı olan BMT orqanlarının bu səviyyəyə düşməsi, heç bir zərurət və hüquqi əsas olmadan üzv dövlətlərin daxili işlərinə qarışması, ikili standartlar tətbiq etməsi qəbuledilməzdir və zərərli presedentlərə yol aça bilər”.
demokrat.az