Siyasət 18 Avqust 2023, 13:25 | Baxış sayı: 116
“BMT-də Azərbaycanı dəstəkləyən dövlətlərin sayı artıb”

“Ermənilər elə bir toplumdur ki, onların fitnə-fəsadı, məkri heç vaxt bitməyəcək. 100 il bundan əvvəl də fitnə yaymaqla, xainliklə əşğul olublar. Osmanlı dövlətinə, türk kimliyinə qarşı daim çirkin mübarizə aparıb, soyqırımılar törədiblər. Fransa və Rusiya o dövrdən bəri öz maraqları naminə ermənilərdən alət kimi istifadə edir”.

Bu sözləri açıqlamasında Xocalıdan olan deputat Elman Məmmədov deyib.  

O qeyd edib ki, Ermənistanın BMT qarşısında tələblə çıxış etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir: 

“Ermənistan və onun havadarları – Fransa, İran və Avropa İttifaqına daxil olan bəzi ölkələr düşünürdülər ki, Azərbaycana təzyiqləri davam etdirməklə, dövlət sərhədindən istədikləri kimi istifadə edə biləcəklər. Belə olsaydı, bu, Azərbaycanın zəifliyindən, suverenliyinin tam təmin olunmamasından xəbər verərdi. Onlar 90-cı illərin Azərbaycanını görmək istəyirlər”. 

Deputat bildirib ki, son illərdə bütün cəbhələrdə aparılan informasiya müharibəsi Azərbaycanın haqq mübarizəsini dəstəkləyən ölkələrin sayını artırıb:

“BMT-də keçirilən müzakirələrdə Azərbaycanın oradakı daimi nümayəndəsi Yaşar Əliyev əsaslı faktlara söykənərək, dövlətin mövqeyini cəsarətlə müdafiə etdi, erməni yalanlarını ifşa etdi. BMT-də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan  prinsiplərini müdafiə edən dövlətlərin sayı artıb. 

Cənab Prezidentin son illərdə yüksək səviyyəli beynəlxalq tədbirlərdə verdiyi mühüm açıqlamalar da informasiya savaşında mühüm rol oynayır. Azərbaycan mediasının da bu mübarizədə əməyi az deyil. Xarici İşlər Nazirliyinin, Milli Məclisin bəyanatları da təqdirəlayiqdir. İnformasiya savaşında operativlik və əsaslılığın bu gün Azərbaycanın beynəlxalq müstəvidə Ermənistana qalib gəlməsində əhəmiyyəti danılmazdır”.

demokrat.az

Xəbərlər