Cəmiyyət 23 Avqust 2023, 12:36 | Baxış sayı: 260
“Bəlkə, nə vaxtsa konvensiya həddinə gəlsək, vaxtında ailə qurmayanları dövlətə vergi ödəmək qarşısında qoya bilərik”

Bir neçə il öncə Türkiyədə 30 yaşdan yuxarı ailə qurmayanların və evli ola-ola uşaq dünyaya gətirməyənlərin dövlətə vergi ödəyəcəyi ilə bağlı xəbərlər insanlar arasında ciddi müzakirə yaratmışdı. Bu xəbərlərin yayılmasına səbəb isə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın çıxışlarının birində “getdikcə gənclərimizin evlənmə yaşı yuxarı qalxır, təəssüf ki, gənc yaşda evlənmirlər, çoxları 30 yaşdan sonra evlənir, ya da evdə qalır...” deməsi olmuşdu. Bu çıxışdan sonra hakim Ədalət Partiyasının rəhbərliyinin Türkiyə parlamentinə yeni qanun layihəsi təqdim etməsi, qanuna əsasən, 30 yaşdan yuxarı ailə qurmayanların dövlətə vergi ödəyəcəkləri xəbəri ictimaiyyətdə rezonans yaratmışdı. Sonradan Türkiyə hökuməti xəbərin yalan olduğunu açıqlasa da, maraqlıdır ki, üç il sonra bu məsələ Azərbaycanda yenidən gündəmə gətirilib. Müzakirələr zamanı bildirilib ki, Azərbaycanda gənclərin böyük hissəsi şəhərdə gəzişir, “TİK Tok” kimi sosial şəbəkələrdə boş işlərlə məşğul olur, əyləncə məkanlarında vaxt keçirirlər, buna görə də ailə qurmaq yadlarından çıxır. Bu səbəbdən təklif olunur ki, Azərbaycanda da 30 yaşdan yuxarı ailə qurmayanlar dövlətə vergi ödəsinlər.

 

Təklifə münasibətini bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli açıqlamasında deyib ki, ailə qurmaq hər kəsin öz şəxsi işidir.

 

“Bu, ailə adətlərinə uyğun tənzim olunur. Hətta Türkiyə Prezidenti Azərbaycanın dövlət rəhbərliyinə məsləhət görmüşdü ki, əhalinin sayını 12 milyona çatdırmaq üçün ailədə ən azı 5 uşaq olmalıdır. Aydındır ki, Türkiyə öz əhalisinin artımının qayğısına qalır. Bu məsələ Türkiyə cəmiyyətində əhəmiyyətli dərəcədədir. Düşünürəm, əhalinin 25-30%-i belə düşünür ki, gənclər vaxtında ailə qursunlar, ailə qurmağa meyilli olsunlar. Bunun tərbiyəvi əhəmiyyəti də böyükdür ki, insanlar avara-avara gəzməsinlər, ailədənkənar münasibətlərə girməsinlər, övlad böyütsünlər, faydalı ailə münasibətləri qursunlar, nəinki şit əyləncələrlə məşğul olub, boş-boş vaxt keçirsinlər. Mənəvi cəhətdən bunu başa düşmək olar. Lakin bu təklif Azərbaycan üçün yeni versiyadır və hələlik ictimai dayaq tapmayıb. Doğrudur, ayrı-ayrı insanlar, ictimai xadimlər, valideynlər övladlarına öyüd-nəsihət verirlər ki, vaxtında ailə qursunlar. Cəmiyyətin mütləq kəsimində bu arzu var, lakin vaxtında ailə qurmamağa görə cəzalanmaq meyli Azərbaycan cəmiyyətində hələ səslənməyib. Bu fikir Türkiyədən bizim cəmiyyətə daxil olub. İctimai əks-səda necə verəcək? Necə düşünürlər? Şəxsən mən də bir hüquqşünas kimi ictimai münasibətlər kökündən dəyişmədiyinə görə bu təklifi müdafiə edə bilmirəm. Çünki istənilən münasibətlər ictimai əhəmiyyətli olmalıdır. Ən azından Azərbaycan cəmiyyətində çox ciddi maarifləndirmə işi aparılmalıdır ki, gənclər vaxtında ailə qursunlar. Bəlkə, nə vaxtsa o konvensiya həddinə gələcəyik ki, vaxtında ailə qurmayanları dövlətə vergi ödəmək qarşısında qoya bilərik. Hər halda maraqlı təklifdir. Görək cəmiyyət nə reaksiya verəcək?”, - deputat bildirib.

pravda.az

Xəbərlər