Siyasət 29 Noyabr 2023, 17:29 | Baxış sayı: 163
“Blinkenin Azərbaycan Prezidentinə telefon zəngini ABŞ-nin qərəzinin etirafı kimi başa düşmək olar”

“ABŞ dövləti Azərbaycanla münasibətlərin inkişafını dəstəkləyir. Sadəcə, erməni lobbisinin təsiri altına düşərək ABŞ Azərbaycana qarşı təzyiq üsulundan istifadə etmək istədi. Amma Azərbaycan öz dəyişilməz mövqeyini nümayiş etdirdi və adekvat addımlar atdı. Antoni Blinkenin cənab Prezident İlham Əliyevə telefon zəngini ABŞ-nin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzin etirafı kimi başa düşmək olar. Telefon danışığı zamanı dövlət başçımız ölkəmizin dəyişilməz mövqeyini bir daha Blinkenin diqqətinə çatdırdı və bildirdi ki, yüksək səviyyəli görüşlərin bərpası bərabər şəkildə olmalıdır. Blinken Azərbaycanın şərtini qəbul etdi”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat hesab edir ki, Antoni Blinkenin Prezident İlham Əliyevə etdiyi telefon zənginin iki məqsədi var: “Birincisi ABŞ dövləti ilə Azərbaycan dövləti arasındakı gərginliyi azaltmaqdır. İkincisi isə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının bərpa edilməsinə töhfə verməkdir. Təəssüf ki, ABŞ sülh danışıqlarında Ermənistanı birtərəfli və açıq şəkildə dəstəklədiyinə görə danışıqlar prosesi dayanmışdı. Amma baş verən proseslərə baxmayaraq. ABŞ yenidən neytrallıq nümayiş etdirəcəyi təqdirdə sülhlə bağlı danışıqlar prosesinin bərpa olunacağını düşünürəm. Azərbaycan təzyiq və diktəni qəbul etmir. Bununla yanaşı, beynəlxalq hüquq və ədaləti dəstəkləyir, dövlətimizin milli maraqlarını hər şeydən üstün tutur”.

pravda.az

Xəbərlər